Azərbaycan prezidenti İlham Əliyev Gəncədə "İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.
Mərasim müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib. A. Paşazadə dövlət başçısına "Qurani-Kərim” hədiyyə edib.
Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış ediblər. M. Yusifov "Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim edib.
Mərasimdən sonra dövlət başçısı "İmamzadə” kompleksində yaradılan şəraitlə tanış olub. Prezidentə "İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verilib.
Dövlət başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olub.
Sonda "İmamzadə” dini kompleksində ehsan verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !