APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını İlham Əliyevə çatdırıb. Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb. Bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb. Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !