Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.
"Report”un xəbərinə görə, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqayanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.
Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirib və bundan şərəf hissi keçirdiyini vurğulayıb. Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini deyib. Latviyanın sabiq Prezidenti ölkədə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq Bakıda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirib.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqeyin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edilib.
Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, ölkədə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olunub, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !