Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb - Yenilənib

13:42 | 08.06.2024
Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb - Yenilənib

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb - Yenilənib

İyunun 8-də Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu və "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”nı imzalayıblar.
Misirin neft və mineral ehtiyatlar naziri Tarek Əhməd Əl Molla və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”nu imzalayıblar.

Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Misirin rabitə və informasiya texnologiyaları naziri Amr Talaat və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
 
 12:28

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 ***

Qahirədə iyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb.Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.

Söhbət zamanı ölkələr arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olunub.

Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulanıb.
 
 11:48
 
İyunun 8-də Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
 11:38
 
Misir Ərəb Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 8-də "Əl İttihadiya”sarayında rəsmi qarşılanma mərasimi olub.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezident İlham Əliyev Misir əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
 19:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

Qahirə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM