İlham Əliyev: "Azərbaycan özü terrorizmin qurbanı olub"

21:15 | 21.05.2014
İlham Əliyev: "Azərbaycan özü terrorizmin qurbanı olub"

İlham Əliyev: "Azərbaycan özü terrorizmin qurbanı olub"

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti ilə sülhün, sabitliyin və əməkdaşlığın təşviq olunmasında artıq nüfuzlu beynəlxalq foruma çevrilib”. APA-nın  məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında çıxışı zamanı deyib. İ.Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Çin tərəfinə keçməsi münasibətilə Çin Xalq Respublikasını təbrik edib: “Əminəm ki, iki il ərzində Çinin sədrliyi Asiyada sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Son iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında birgə fəaliyyət göstərmişik". Dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür edib: “BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb”. İ.Əliyev qeyd edib ki, Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. “Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub”. Azərbaycan prezidenti bu terror aktlarının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədib. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb”. İ.Əliyev bildirib ki, beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm”. Azərbaycan prezidenti qeyd edib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib: “Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. İ.Əliyevin sözlərinə görə, münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır: “İqtisadiyyatımız 3 dəfədən çox artmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb”. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilib. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir”. Dövlət başçısı toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb: “Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilmişdir. Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri var”. İ.Əliyev qeyd edib ki, Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır: “Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırıb. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulub. Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir: “Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək artırılmasına imkan verəcəkdir. Bu ilin aprel ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı da açılıb”. Dövlət başçısı tarixi İpək Yolunun bərpasına verilən töhfəni qeyd edib: “Maliyyə yükünün böyük hissəsini Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin əvvəlində istismara veriləcək. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaqdır. Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM