“Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcək”.
APA-nın məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib.
Ali Baş Komandan Müdafiə Nazirliyinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin bölmələrinin birgə əməliyyat-taktiki təlimlərin yüksək səviyyədə keçirildiyini bildirərək, qarşıda duran bütün vəzifələri icra edildiyini, bütün hədəflərin vurulduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycanda güclü ordu olduğunu bildirərək, ordunun potensialının gündən-günə möhkəmləndiyini, gücləndiyini qeyd edib: “Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilib və sonra təlimlərdə iştirak edib”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir: “Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracaq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilib”.
“Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirib. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcək. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur”, deyə Ali Baş Komandan qeyd edib.
Ali Baş Komandan çıxışında qeyd edib ki, bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir: “Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilib. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaq. Müasirləşmə prosesi daim aparılmalıdır”.
Hərbçilərin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyini bildirən dövlət başçısı hərbçilərin maaşlarının, pensiyalarının vaxtaşırı qaldırıldığını və iki il bundan əvvəl imzalanan Sərəncama əsasən orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillərin verildiyini qeyd edib: “Hazırda 200-ə qədər mənzil verilib. Bu ilin sonuna qədər veriləcək mənzillərin sayı 500-ə çatacaq. Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !