“Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən Türkiyənin baş nazirini son vəziyyətlə tanış etdim”. APA-nın məlumatına görə, bunu Ə. Davudoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Ermənistan bu qətnamələrə məhəl qoymur, icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və köçkün vəziyyətinə düşüb. Təəssüf ki, vasitəçilərin fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmır, Ermənistan tərəfdən beynəlxalq hüquq kobudcasına pozulur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarları var. Münaqişə bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək". Həmişə Azərbaycanın yanında olduğu üçün Türkiyə dövlətinə, hökumətinə minnətdarlığını ifadə edən prezidentin sözlərinə görə, Türkiyə həmişə ədalətli, beynəlxalq hüquq və prinsiplərə uyğun mövqe nümayiş etdirib: "Gələcəkdə beynəlxalq hüquq və normalar çərçivəsində münaqişənin həlli bölgəyə sülh, geniş miqyaslı əməkdaşlıq gətirəcək. Bu gün belə əməkdaşlıq var, ancaq Ermənistan öz işğalçı siyasətinə görə bu cür əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha gözəl imkanlar yaranacaq. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və çalışacağıq ki, münaqişə tezliklə öz həllini tapsın”. Dövlət başçısı bəyan edib ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !