Azərbaycan prezidenti İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.Dövlət başçısının təbrik məktubunda deyilir:“Əziz həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram. Hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır. Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Ölkəmizdəki dövlət-din münasibətləri, vətəndaşların dini etiqad azadlığı milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır. Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və ölkəmizin əmin-amanlığı naminə və Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər.Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !