Azərbaycan prezidenti İlham Əliyev "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, Cinayət Məcəlləsində 194.1-ci maddənin dispozisiyasından "xeyli miqdarda” sözləri, sanksiyasından "və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri çıxarılıb, "Eyni əməllər xeyli miqdarda törədildikdə - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” məzmunlu 194.1-1-ci maddə əlavə edilib, habelə 194.2-ci maddədə "194.1-ci maddəsində” sözləri "194.1 və ya 194.1-1-ci maddələrində” sözləri ilə əvəzlənib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !