İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.APA-nın məlumatına görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd edib, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirib. Dövlət başçısı deyib ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib. Xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb. O, Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını deyib. S.Lavrov Azərbaycan prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirib. Xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırladıb. O bildirib ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılıb. Sergey Lavrov bildirib ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələləri də müzakirə etdiklərini deyib. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirib və Azərbaycanın bu quruma sədrlik etdiyi iki il ərzində ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Azərbaycanın Avropa Şurasına sədrliyinin ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirib. Dövlət başçısı prezident Valdimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !