İlham Əliyev “Yasamal” parkının açılışında

15:58 | 25.12.2014
İlham Əliyev “Yasamal” parkının açılışında

İlham Əliyev “Yasamal” parkının açılışında

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb” su anbarının ərazisində yeni salınan "Yasamal” parkının açılışında iştirak edib.

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə "Azərsu” ASC-nin "+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb.

Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Layihə çərçivəsində "+82 Qərb” su anbarının giriş və çıxış hissələri də abadlaşdırılıb, seyrangahlar yaradılıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiq edir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən kənarda qalmır. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq işləri görülüb. Burada çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Eyni zamanda, parkın ərazisində iki kafe fəaliyyət göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.

Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. "Yasamal” parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev "+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış oldu.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM