İlin mədəni yekunları

15:13 | 31.12.2013
İlin mədəni yekunları

İlin mədəni yekunları

2013-cü il Azərbaycan mədəniyyətinin imkanlarının dünyada təbliği istiqamətində həyata keçirilən layihələrlə yadda qalır“2013-cü ildə qədim və zəngin Azərbaycan mədəniyyətinin inkişaf və təbliği istiqamətində, turizm sahəsində vacib tədbirlər həyata keçirilib. Ölkə mədəniyyətinin beynəlxalq aləmdə tanınması üçün mühüm addımlar atılıb. Bu sahələr xalqın mənəvi təşəkkülündə böyük əhəmiyyətə malikdir”. Bu fikirlər dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparat işçilərinin və nazirliyin strukturuna daxil olun qurumların rəhbər şəxslərinin iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında səslənib.Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə dövlət başçısının müvafiq sərəncamları ilə "Şöhrət", "Vətənə xidmətə görə" ordenləri, "Tərəqqi" medalı, “Əməkdar mədəniyyət işçisi” adına, eləcə də nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görülən şəxslərə təltifləri təqdim edib. Qeyd olunub ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan hər kəsin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Nazir ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən söz açıb, bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səylərini xüsusi qeyd edib: “Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir”.2013-cü ildə həyata keçirilən mədəniyyət və turizm sahələrində görülən işlər barədə məruzə ilə çıxış edən nazir ildə ölkəmizdə gerçəkləşən möhtəşəm mədəniyyət tədbirləri, Azərbaycanın mədəniyyətinin, turizm imkanlarının dünyada təbliği istiqamətində həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən söz açıb. Mədəniyyət, incəsənət sahəsində qazanılmış uğurlardan danışan nazir bildirib ki, bu gün bizim mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin, sənət incilərimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. İl ərzində teatr, kinematoqrafiya, incəsənət, elm və təhsil, muzey, nəşriyyat və kitabxana işi, eləcə də turizm sistemində həyata keçirilən çoxsaylı işlər, reallaşan pilot layihələr və islahatlardan bəhs edən nazir eyni zamanda mövcud problemləri və nöqsanları göstərərək, qarşıda duran vəzifələr, dövrün tələblərinə uyğun iş prinsipi barədə tövsiyələrini də səsləndirib.Nazir 2013-cü ildə ölkəmizdə gerçəkləşən beynəlxalq miqyaslı tədbirlər - II Bakı Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası və s. danışaraq bu tədbirlərin Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasında əhəmiyyətini qeyd edib.Qədim və zəngin Azərbaycan mədəniyyətinin inkişaf və təbliğinin, turizm sahəsində həyata keçirilən tədbirlərin vacibliyi qeyd olunaraq bu sahələrin xalqın mənəvi təşəkkülündə böyük əhəmiyyətə malik olduğu vurğulanıb.2013-cü ili nazirlik üçün məhsuldar il kimi xarakterizə edən Nazir 2014-cü ildə də böyük layihələrin reallaşması və nailiyyətlərin artması üçün çoxminlik mədəniyyət və turizm işçilərinin daha da məsuliyyətlə çalışmalı olduqlarını vurğulayıb. Çovqan YUNESKO siyahısındaÖlkəmiz bu il keçirilən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə ki, III Beynəlxalq muğam simpoziumu ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən konfrans, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə baş tutan “Şah Xətai-Sultan Səlim” Beynəlxalq elmi simpoziumu, Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı, İslam dünyası gənc klassik musiqi ifaçılarının II Beynəlxalq festival-müsabiqəsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən Qəbələ III Beynəlxalq incəsənət sərgisi, 18 May -Beynəlxalq Muzeylər Günü münasibətilə "Canlı tarix" adlı I Beynəlxalq festival, II Beynəlxalq Folklor Festivalı, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, I Beynəlxalq Bakı Memarlıq Müsabiqəsi, Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası komitənin səkkizinci sessiyası və s. tədbirlər mühüm mədəni hadisələr kimi yadda qalıb. "Çovqan - qədim atüstü Qarabağ oyunu"nun UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilməsi haqqında sertifikatın dekabrın 19-da qurum tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunması mədəniyyətimiz tarixində əhəmiyyətli hadisələrdən biridir. Belə ki, 2-7 dekabr tarixində Bakıda keçirilən YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasında "Çovqan - qədim atüstü Qarabağ oyunu"nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilməsi haqqında qərar qəbul edilib.Həmçinin Bakıda və bir sıra xarici ölkələrdə ölkəmizlə bağlı maraqlı sərgilər təşkil edilib. “Müqayisəli Yaponiya”, Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti”, Milli Azərbaycan Tarixi Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illiyinə və V.Səmədova adına sərgi salonunda Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş karikatura sərgisi, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən beynəlxalq sərgi, Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Çexiyanın Milli Muzeyi ilə birgə keçirdiyi “Çexiya Süleyman daşı” sərgisi yaddaqalan hadisələrə çevrilib. O cümlədən, Heydər Əliyev Mərkəzində Xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında”, Milli İncəsənət Muzeyinin yeni korpusunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan incəsənəti minilliklər boyu” sərgiləri, Bakıda Cənubi Qafqazda ilk "Kukla" art qalereyasının açılışı da mədəniyyət sahəsində nailiyyət hesab olunmalıdır. İl ərzində Azərbaycana aid 200-dən çox materialın surəti Parisdən Bakıya gətirilib. Fransada ötən ildən başlamış “Azərbaycan günləri” tədbiri davam edib. "Şahdağ" Qış-Yay Turizm Kompleksi turistlərin qəbuluna başlayıb. Bakıda İran Kino Günləri keçirilib.Qobustan qoruğu Avropanın ən yaxşı muzeyləri siyahısına salınıb. Mart ayının 23-ü Azərbaycanda Rəssamlar Günü kimi qəbul edilib. “Prezident İlham Əliyev və mədəniyyət: 2008-2013” kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Muğam televiziya müsabiqəsi – 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatı olan “Qran-pri”yə layiq görülüb. Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Doğma ocaq” filmi IV Beynəlxalq turist kinosu festivalında “Rusiya ilə görüş” nominasiyasında mükafata layiq görülüb. Bu il Xaçmaz Azərbaycanın əfsanələr, Zaqatala folklor, Göygöl isə sənətkarlıq paytaxtı seçilib. Rusiyanın Novosibirsk şəhərində yaşayan azərbaycanlı, vokal və skripka ifaçısı 11 yaşlı Əli Muradov indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə təltif edilib və onun adı Qızıl fonda salınıb. ABŞ-ın Smitson İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsində aparılan kimyəvi analizin nəticəsinə əsasən, Gəncə şəhərinin 4 min il yaşının olmasına qərar verilib. Qobustan Milli Tarix-Bədii Qoruğu bu il keçirilən "Avropada ilin muzeyi" müsabiqəsində qalib olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi Gül bayramı keçirilib. İçərişəhər “gücləndirilmiş mühafizə” statusundaDekabrın 18-19-da Parisdə keçirilən YUNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında İçərişəhərə xüsusi əhəmiyyət kəsb edən “gücləndirilmiş mühafizə” statusunun verilməsi məsələsi öz əksini tapıb.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən mətbuata verilən məlumatda bildirilir ki, milli-mədəni irsimiz olan İçərişəhərə “gücləndirilmiş mühafizə” statusunun verilməsi ilə bağlı sorğu dekabrın 19-da nəzərdən keçirilib və bununla bağlı müsbət qərar qəbul edilib.İçərişəhərlə bağlı müraciətin təqdimatı iclasda iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti tərəfindən keçirilib.Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhərə “gücləndirilmiş mühafizə” statusunun verilməsi ilə bağlı sorğu idarə tərəfindən ilk dəfə 2010-cu ildə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə təqdim olunub.Ötən müddət ərzində Komitənin tövsiyələrinə əsasən, ölkə qanunvericiliyi Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılmış, habelə idarə tərəfindən İçərişəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib. Bununla yanaşı, silahlı münaqişələr zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən və tarixi-memarlıq abidələrindən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bəyannaməsi və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tətbiqi ilə bağlı məlumat Komitə üzvlərinə təqdim olunub.İçərişəhərin mühafizəsi məsələsinə beynəlxalq səviyyədə verilən bu yüksək qiymət prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu xüsusi qeyd edilməlidir.İçərişəhərin UNESCO-nun “Gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısı”na daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunmasının beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.//Kaspi.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM