• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

İlisunun keçmişi, bu günü, gələcəyi

İlisunun keçmişi, bu günü, gələcəyi
29.05.2020 04:55
İlisu kəndi hər zaman öz tarixi, təbiəti və maraqlı şəxsiyyətləri ilə diqqət çəkib.

Zaman-zaman kəndin tarixi ilə bağlı fərqli və ziddiyətli fikirlər səslənib, elə indi də səslənməkdədir. İstənilən halda İlisu öz əzəli şöhrətini saxlamaqdadır. Bu şöhrəti gətirən məqamlar hansılardır:

- Birinci və ən əsası kənd əhalisinin ancaq özünəməxsus şivəni və qədim türk-oğuz elinə məxsus adət ənənələri qoruyub saxlaması;

-İlisu sultanlığı adlı bir qurumun idarə etmə mərkəzi olması;

-XIX əsrdə rus çarizminə qarşı mübarizə mərkəzlərindən biri olması;

- Özünəməxsus dünyəvi və dini elm ocaqları,

-100-lərcə respublika və dünya səviyyəli məşhur adamları

- Unikal təbiəti

Əlbəttə ki, bu siyahını daha da uzatmaq olardı, ancaq biz daha diqqət çəkən və vacib məqamlar üzərində dayanmağı uyğun gördük.

Öncə İlisu kəndinin adından başlayaq. İlisu sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar var. Əcnəbi-rus tarixçilərdən E. Veydenbaum, P. Petruşevski, A. Fon-Plotto İlisu sözünü "Elli-su”(Əlli-su) və ya "İyli-su” kimi izah etmişlər. Bunu da ərazidə olan çoxlu bulaqlar və həm də kükürdlü mineral bulaqların olması ilə izah etmişlər. Daha sonra digər rus tarixçisi D.E.Zubarev İlisu adını "Ulu su” sözü ilə eyniləşdirmişdi. Ulu sözü zatən türk dillərində geniş yayılmış söz olub "böyük”,”qədim”, "uca” və sair mənalar daşıyır. 
Zatən İlisuda Ulu körpü, Ulu məscid və yaxınlıqda Ulu baş dağının olması bu versiyanı daha inandırıcı edir. Rəsmi olaraq "Azərbaycan toponimləri” kitabında İlisu sözü qıpcaq sözü olan "ili” və "su” sözlərindən düzəlmiş hidronim kimi göstərilib. Mənası da "istisu” deməkdir. Maraqlı versiyalardan biri də, "ili” sözünün feil kimi göstərilməsidir. Mənası "enən”, "aşağıya düşmək” deməkdir. Mahmud Kaşğarlının "Divani-lüğət-it-türk” lüğətində "İli” feli vardır. Şəxsən mənim alternativ bir fikirim də var. Düşünürəm ki, "İli" sözü ola bilsin Orta Asiyada olan İLİ çayının adı ilə eyni kökdəndir.

İlisunun tarixi haqqında hələlik geniş şəkildə akademik araşdırma aparılmayıb. Son 30 ildə yalnız E.M.Latifovanın "Северо-западный Азербайджан: Илисуйское Султанство” əsəri işıq üzü görüb. Bu kitabda da daha çox İlisunun sultanlıq dövrü işıqlandırılıb və istinadlar gürcü, rus müəlliflərinə aid olduğu üçün mənbələrin nə dərəcədə həqiqəti əks etdirməsi sual altına qalır. İlisu adına ilk dəfə mərhum akademik Ziya Bünaydovun ərəb dilindən rus dilinə tərcümə etdiyi "Səlcuqların tarixi" əsərində rast gəlinir. O əsərdə (1060-cı il) məhz, İlisu toponimi işlədilib. Mən düşünürəm ki, İlisu tarixinin araşdırılması öncə ərazidən 3-5 km uzaqda olan qədim Kəndtala yaşayış məskənindən başlanılmalıdır. Bu ərazidə X-XI əsrlərə qədər yaşayış olmuş və qəbir daşları üzərindəki kufi xətti ilə yazılmış yazılar da buna sübutdur.

İlisunun yerli əhalisini əsasən azərbaycanlı-türklər və sultanlıq dövründə Dağıstandan gəlmiş saxur və ləzgilər təşkil edir.

Hər bir ərazinin özünəməxsusluğu olduğu kimi İlisunun da özünəxas özəlliyi var. İlkin olaraq füsunkar təbiəti hər kəsi cəlb edir. İlisu kəndi elə bir ərazidə yerləşib ki, bu ərazidə bir çox coğrafi-təbii obyektlər bir yerdə toplanıb. İki dağ çayının qovuşduğu, iki füsunkar şəlalənin, mineral bulaqların, meşə və dağ çəmənliklərinin qovuşduğu bir məkandır İlisu. Maraqlı bir məqam da var: Rayon mərkəzindən İlisunu vur-tut 12 km. məsafə ayırır. Ancaq bu 20 dəqiqəlik məsafədən sonra kəskin şəkildə hava və təbiətin dəyişikliyi müşahidə olunur. Yay ayları gün boyu əsən sərin mehi ilə fərqlənir, qış ayları isə duman-çən İlisudan əskik olmur.

İlisu, həm də Azərbaycanda mövcud olmuş az sayda sultanlıqlardan birinin – İlisu Sultanlığının mərkəzi olub.

İlisunun bir məziyyəti də kənd əhlinin elmə, oxumağa həvəsli olmasıdır. İlisu məktəbinin yetişdirdiyi 4 akademik, onlarca elmlər doktoru və yüzə yaxın elmlər namizədi buna əyani sübutdur.

Buranı digər bölgələrimizdən fərqləndirən özəlliklərindən biri İlisu şivəsidir. Bu şivə qədim türk-oğuz dilini özündə qoruyub saxlaması ilə fərqlənir. İlisu şivəsi, həm də müasir Anadolu türkçəsi ilə də çox yaxındır. Ümumən bu şivə, əsasən, türk mənşəli sözlərdən ibarətdir. Qismən də Dağıstan və ərəb-fars mənşəli sözlərdən ibarətdir. Misallar göstərək: "Hara” və "haraya” sözləri İlisuda "Nara” və "naraya” kimi işlədilir. Bu, Türkiyə türkcəsindəki nereye, nerede sözünə uyğun gəlir. Yüngül xasiyyətli adama İlisuda "Yeltəmə” deyirlər. Bu da Anadoluda həm rəqs, həmdə musiqi alətinin adıdır. Anadoluda hamamdan çıxan insana "sihhatler olsun” deyirlər. İlisuda mineral bulaqdan(hamam) gələnlərə də belə deyilir. Düzdür, bir az formasını dəyişərək "Səhətlər olsun”- deyirlər, lakin bu ciddi fərq deyil. İlisuda işlədilən maraqlı sözlərdən biri də "səmə”dir. Bildiyimiz kimi Anadoluda semazan sözü var. Xüsusi geyimlə bir yerdə duraraq fırlanan bu semazanların etdiyi hərəkət sema adlanır. İlisuda insan bir yerdə fırandıqdan sonra tarazılığını itirən zaman deyir "səmələndim”. Özünü idarə edən bilməyənləri də çox vaxt "səmə” deyirlər.

İlisu kəndi, İlisu məktəbi bütün sahələr üzrə, Azərbaycanda və onun sərhədlərindən kənarda tanınmış yüzlərcə ictimai xadim, elm adamı, din xadimləri , ziyalılar və idmançılar yetişdirib. Bəzilərinin adının çəkilməsi kimlərəsə qarşı haqsızlıq olardı. Ancaq yenə də cəmiyyətə məlum olmayan və ya bir az mübahisə obyekti olan bir faktı demək lazımdır: Mərhum opera və estrada müğənnimiz Müslüm Maqamayevin babası bəstəkar Müslüm Maqamayevin atası, məhz, İlisu kəndində anadan olub. Rusiyanın məşhur şokolad brendi - "Babaevski”nin adı Pyotr Babayevin adından götürülüb. Pyotr Babayev 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı inqilabçı Həşim Babayevin ailəsində anadan olub. Atası Həşim Babayev İlisu kəndində dünyaya gəlib. Yaxşı olardı, vikipediyada İlisu səhifəsinə nəzər salıb, bu insanları yaxından tanıyasınız. Doğrusu, indiki durumda o insanların tanıdılmasına o qədər də ehtiyac yoxdur, hər kəsin birlikdə İlisunu tanıtmağa, İlisunun müasir problemlərinin həll edilməsinə ehtiyac var.

İlisu, həm də özünün etnoqrafik özəllikləri ilə, xalq yaradıcılığı və adət – ənənələrilə fərqlənir. Maraqlı və fərqli adətlərdən biri toy gününün sabahısı qeyd edilən "Qazax dağıtdı” mərasimidir. Bu tədbirdə bəy evinin ən yaxın qohumları, qonşuları və bəyin dostları iştirak edir. Adətən toyda və sabahısı günü bir çox işlərdə köməklik göstərən cavan oğlanlara "Qazax" deyilir. Bu adətdə İlisu yeməyi olan "sürhüllü” bişirilir və gələn yaxın adamlar bəylə görüşərək məclisdə otururlar. Xüsusi qaydaları olan bu tədbir həm də qaydaları pozanların cəzalandırlması ilə diqqəti çəkir. Qaydalara əməl edərək məclisdə iştirak edənlər həm də "qazax"lardan lazım gələndə məclis üçün istənilən bir şey tələb də edə bilər.

İlisuda məhəllələr "tabun” adı ilə, nəsillər isə "uşağı” termini ilə ifadə olunur. Mövcud olan 6 tabunda 100-ə yaxın fərqli nəsil adları var. Bunlardan bəzilərini öz adı, mənası ilə diqqət çəkənlərini misal çəkmək istərdim: Buyurtma uşağı, Kubaçılar, Dibxilov uşağı, Mamalov uşağı, Mantaş uşağı, Şamay uşağı, Şeytanlar, Pəti-pütü uşağı, Quşlar, Qoca uşağı, Qədəsər uşağı, Təmir uşağı, Məhərrəm uşağı, Adamay uşağı, Yorğu uşağı, Camal uşağı, Seydəli uşağı, Quzayalar və sair. Az sayda nəsillərin Dağıstanla və digər bölgələrlə kök bağlılığı olsa da əksər nəsillər sırf yerlilərdir.

Diqqət çəkən məqamlardan biri də İlisu tarixinin bir dövrünün Şeyx Şamilin başladığı hərakatla bağlılığıdır. Ümumən, tarixin bu məqamı çox təzadlıdır. Zatən Şeyx Şamil barədə çox yazılıb. Bir qəhraman kimi bir çox danılmaz özəlliyə malik olan bu şəxsiyyətin ətrafında həm də sonuncu İlisu sultanı Danyal Sultan da olmuşdur. Ancaq zaman-zaman bu hərəkatın daxilində baş verən fikir ayrılığı nəticəsində ziddiyyətlər meydana gəlməyə başlayıb. Bu hərəkatda həm dini faktor, həm hakimiyyət maraqları, həm də azadlıq uğrunda mücadilə istəkləri yetərincə idi. Bu barədə çox danışmaq olar. Əslində bu ayrıca bir araşdırma mövzusudur. Ancaq sonda bu hərəkatdan ən çox itirən İlisu oldu. 300 illik tarixi məlumatlar toplanmış arxivlər və sair məhv edildi. Ruslar İlisunu Şamilə göstərdiyi köməyə görə, sərt şəkildə cəzalandırdı. Bütün kənddə məscid və adi yaşayış yerləri istisna olmaqla burada çox şey ruslar tərəfindən yandırıldı.

İlisuda qədim türk xalqların həyatının əvəzedilməz məhsullarından biri – qurudulmuş ət məhsulları və ondan hazırlanan yeməklərdir. Qurudulmuş ət məhsullarına: qaxac, darbaq, şirdan, hiçnavuru misal göstərmək olar. Qaxac kəsilmiş bütöv qoyundan, xüsusi üsulla düzəldilir. Özünəməxsus formaya salındıqdan sonra açıq havada qurudulur. Bu, əsasən sentyabr ayının sonunda edilir. Noyabra qədər davam edir. Qoyunun xüsusi bağırsağı isə ətlə doldurulub qurudulur və bu "hiçnavur" adlanır. Müasir dildə kolbasa. Bu məhsullardan hazırlanan ən dadlı və məşhur yemək isə sürhüllü (sürhü,sürfü-sürtmək sözündən yaranmış ola bilər) adlanır. Xəmir xörəyi olan bu yemək soyuq qış aylarının əvəzedilməz nemətidir. Bundan başqa İlisuda Qirs, Kəkotu girsi, Yumurta girsi, Qozlu aş, Həvicin kətə, Əzmə və sair yeməklər çox sevilir.

İlisu hər tərəfli böyük potensiala məxsus ərazi olsa da biz onun çox az bir qismindən istifadə edə bilirik. Kəndin adi sosial problemləri belə bu günə qədər həll olunmayaraq qalıb. Turizm baxımından böyük potensialı olan bu ərazidə əhəmiyyətli dəyişikliklər aparılmayıb. Bu dediklərimə ağız büzənlərə kənddə gediş-gəliş üçün rahatlıq yarada biləcək asfalt yolunun bərbad olmasını nümunə göstərə bilərik. Bu qədər zəngin tarixə malik kəndin gələn turistlərə, qonaqlara xidmət edəcək bir muzeyi belə yoxdur. Kənd sel hadisələrindən çox əziyyət çəkir. Düzdür, çay sularına qarşı qoruyucu bənd çəkilib, lakin dağ dərələrindən gələn sel qarşısında İlisu acizdir. İlisu əhalisi tarixən qoyunçuluqla məşğul olub. İndi isə durum fərqlidir. Üç-beş insandan başqa demək olar ki, bu sahə ilə məşğul olan yoxdur artıq. Alternativ məşğuliyyət sahələri isə azlıq təşkil edir. Perspektivli turizm sahəsi isə illərdir yerində sayır. Gözə çarpacaq irəliləyiş yoxdur.

Namik Man-taş

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:51
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Cəmiyyət 16:45
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Cəmiyyət 16:10
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Cəmiyyət 14:26
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
Cəmiyyət 14:25
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Cəmiyyət 12:54
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Cəmiyyət 12:41
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Sabahın haba proqnozu
Cəmiyyət 12:20
Sabahın haba proqnozu
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Cəmiyyət 10:59
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol