İlkinin qatil olmadığı barədə şübhələr… – Kriminalist açıqlayır

19:27 | 29.01.2020
İlkinin qatil olmadığı barədə şübhələr… – Kriminalist açıqlayır

İlkinin qatil olmadığı barədə şübhələr… – Kriminalist açıqlayır

Cinayəti ancaq savadsız və oxumamış adamlar törədir deyə bir anlayış yoxdur. Cinayət oxumuşa, oxumamışa baxmır. Hər kəs cinayət törədə bilər. Bunun oxumaqla və ya savadsızlıqla qətiyyən əlaqəsi yoxdur. Yaxın tarixdə cinayət törədən professorlar, alimlər az olmayıb.
 
Anews.az bildirir ki, bu sözləri Axar.az-a sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun bu hadisəni törətməsinə ictimaiyyətin bəzi nümayəndələrinin inanmadığı ilə bağlı Yutub sosial şəbəkəsində bir-birinin ardınca tirajlanan sorğulara cavab olaraq deyib.
M.Hacıyev bildirib ki, bu hadisədə şübhəli qismində saxlanılan şəxsin Rusiyada nüfuzlu universitetdə ali təhsil alması heç nəyi dəyişmir:
"Sankt-Peterburqda təxminən bir ay bundan öncə bir akademik Sankt-Peterburq Dövlət Universitetinin kafedra müdiri öz aspirantı olan gənc xanımı öldürmüşdü. Bununla kifayətlənməyib, görüşdüyü həmin xanımın cəsədini doğrayaraq Neva çayına atmışdı. Hadisəyə təsadüfən şahid olan şəxslər tərəfindən bunun üstü açıldı. Bu dəhşətli qətli törədən şəxs də 50-55 yaşlarında bir akademik, nüfuzlu universitetin nüfuzlu alimi idi. Doğradığı cəsədi çaya atarkən görən olmasaydı, heç kəs onun belə bir hadisə törətdiyinə inanmazdı. Ancaq görürsünüz ki, şəxsin savadlı, hətta akademik olması onun cinayət törətmə ehtimalını zərrə də azaltmır.
Cinayət işlərində bu kimi məsələlər əhəmiyyət kəsb etmir. Təqsirkarı savadsızlığına əsasən müəyyən etmirlər. Müəyyən şübhələr olduğu üçün kimlərsə məsuliyyətə cəlb olunur”.
M.Hacıyev əlavə edib ki, ağır cinayət tərkibli əməllər törədiləndə ictimaiyyətdə bu kimi söz-söhbətlər çox olur:
"Cəmiyyət heç vaxt susmur, hamının hər zaman bir fikri var və bununla bağlı da fikir bildirir. Ancaq başa düşmək lazımdır ki, hələ ittiham elan olunmayıb, istintaq gedir. İlkin Süleymanov da istintaq müddətində şübhəli şəxs qismində saxlanılıb. İstintaq bəs nə üçündür? İşin araşdırılması, bütün sübutların toplanması, şübhəlinin dindirilməsi, onun törətdiyi əməlin sübut olunması üçün!
İstintaq başa çatandan və tam sübuta yetiriləndən sonra hüquq-mühafizə orqanları geniş bəyanat yayacaq. İstintaq getdiyi üçün səbirli olmaq lazımdır. İstintaqın gedişində hər şey ola bilər. İstintaq cəmiyyətin sübutlar və faktlar olmadan dediyi müxtəlif fikirlər əsasında aparıla bilməz. İstintaq müstəntiqlərin əldə etdiyi sübutlarla aparılır.
Dünya praktikasında belə istintaq müddətində şübhəli kimi saxlanılan şəxsin sonradan buraxılması halları da var. Hətta uzun müddət həbs yatdıqdan sonra təqsirsizliyi sübut olunaraq azadlığa çıxanlar da olub. Yəni heç bir dövlət orqanı bu kimi ağır cinayətlərdə qətlə heç bir aidiyyəti olmayan şəxsi əsassız yerə məsuliyyətə cəlb edə bilməz. İlk sübutlar, faktlar olmasa, şübhəli haqda ilkin həbs qərarı verilməz”.
Kriminalist bildirib ki, bu kimi məsələlərdə kompleks ekspertizalar təyin olunur:
"Bu hadisədə artıq şübhəli var və o artıq tutulub. İndi istintaqın gedişini gözləmək lazımdır. Cinayətin motivi çox şey ola bilər. Məsuliyyətə cəlb edilən şəxs savadlıdır, universitet bitirib, qonşudur, ailəvi dostdur, ailələr arasında problem olmayıb kimi faktlar şəxsi cinayət məsuliyyətindən azad edə bilməz. Cinayətə səbəb təkcə qisas deyil ki!
İstintaq gedərkən həmişə ortaya birinci motiv qoyulur və araşdırılır ki, bu cinayətdə motiv nə olub. Motiv xuliqanlıqmı, qısqanclıqmı, istismarmı, özünü təmin etməkmi olub, müəyyən ediləcək.
Bu kimi məsələlərdə kompleks ekspertizalar təyin olunur. Məhkəmə tibb ekspertizası, məhkəmə psixiatriya ekspertizası, məhkəmə psixoloji ekspertizası, məhkəmə transpoloji ekspertizası, məhkəmə bioloji ekspertizası aparılacaq. Bu hələ təyin olunacaq ekspertizaların yarısıdır. Bu kimi cinayət işlərini savadlı, təcrübəli, xüsusilə bu kimi cinayət işlərinin istintaqında böyük təcrübəsi olan müstəntiqlər aparır və cəmiyyət onlara güvənməlidir, heç bir sübutsuz, yalnız "inanmıram etsin” düşüncəsi ilə prosesə qiymət verməyə və bunu tirajlamağa ehtiyac yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə İlkin Süleymanovun bu qətlə görə həbs olunduğu gündən indiyədək, istintaqa şübhə yaradacaq çoxsaylı versiya və sorğular hazırlanıb-yayılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM