İncəsənətin xəzinəsi: Mançesterin incəsənət qalareyası – REPORTAJ

16:17 | 23.02.2015
İncəsənətin xəzinəsi: Mançesterin incəsənət qalareyası – REPORTAJ

İncəsənətin xəzinəsi: Mançesterin incəsənət qalareyası – REPORTAJ

Rüstəm Qasımov  

Şəhərin küçələri ilə addımlayarkən Mançesterin məşhur yerlərini görmək imkanı qazandıq. Qədim ingilis arxitektur binalarına heyrətlə baxa-baxa, fasadı Azərbaycan mədəniyyət və incəsənət nazirliyinin Muzey mərkəzini xatırladan böyük binaya daxil olduq. Bu Mançesterin İncəsənət Qalareyası idi.  





Qeyd edim ki, qalareyaya giriş pulsuzdur - həftə içi səhər saat 10-dan 17-yə kimi. Yalnız dördüncü günlər səhər saat 10-dan axşam saat 19-a kimi işləyir. Beləliklə, incəsənətsevərlər heyrətamiz şəkillər, heykəltəraşlıq, farforla zəngin qalareyaya pulsuz baş çəkə bilər.





İngilislər yaşıllığı çox sevir. Siz hara baxsanız – evlərin yaxınlığı, mağazaların girişi – rahatlıq və gözəllik üçün yetişdirilmiş güllərlə rastlaşacaqsınız. Qalareyaya daxil olan kimi biz üzərində incəsənətə aid bir neçə kitabla birgə həqiqi qardələn gülü gördük. İrəli gedərək deyim ki, bu güldən qalareyanın hər yerində var idi.





Bizim ilk gözümüzə sataşan ötən yüzilliyə aid qadın paltarları idi. Belə çıxır ki, qalareyada keçən əsrin 50-ci illərinə aid paltarlardan ibarət  «Cotton Couture» adlı sərgi keçirilibmiş. Bu modelyer və dizaynerlər üçün əsl cənnət idi, çünki orada o qədər maraqlı paltarlar var idi...  





Bu sərgi 2015-ci ilin iyun ayına kimi davam edəcək. Sərgi sizə imkan verir ki, bütün növ paltar kolleksiyalarına, sizə maraqlı olan detallara baxasınız və moda dünyası haqqında biliklərinizi zənginləşdirəsiniz.  





Növbəti zalda biz, müxtəlif rəngarəngliyi və çalarları ilə fərqlənən müasir paltarlardan ibarət kolleksiya ilə qarşılaşdıq.





Zalın digər tərəfindəki farfordan ibarət fiqurlar da diqqətçəkici idi.





Birinci mərtəbəni və dəftərxana ləvazimatları mağazasına baş çəkdikdən sonra gözəlliyi ilə seçilən foyeyə qayıtdıq. Yuxarı baxdıqda bu mənzərə ilə qarşılaşdıq.  





Mən təkcə qalareyanın divarlarını bəzəyən şəkillərə və ornamentlərə heyrət etmədim. Gözəl görünüşlü çilçıraqdan başqa, qalareyanı təbii işıq da işıqlandırırdı. Təbii işıq incəsənət eksponatlarına baxmaq üçün çox lazımlı rol oynayır, çünki süni işıq bu mənada müəyyən problemlər yaradır.





Qalareyanın divarlarını təkcə şəkillər deyil, qədim xalqların mifalogiyasını simvollaşdıran orta ölçülü heykəltəraşlıq nümunələri də bəzəyirdi.




İkinci mərtəbədə, mən diqqətlə bütün şəkillərə tamaşa elədim. Şəkillər ölçüsündən və məzmunundan asılı olaraq sıra ilə divarlardan asılmışdı. Burada portretlər, təbiət mənzərələri və gündəlik həyatdan götürülmüş səhnələrin rəsm vardı.





Qalareyada lüt şəkillər də çoxluq təşkil edirdi.




Növbəti zalda, yağlı boya ilə çəkilmiş ingilis intelligensiyasının portletlərinə baxdıq.





Zalın mərkəzində, şüşə içinə salınmış və üzərinə rəsmlər çəkilmiş keramik vaza yerləşdirilmişdi.





Bildirim ki, bu zalda bizi 18-ci əsrə aid şəkillər əhatə edirdi. Bu şəkillərdə bahalı bal paltarları və bir çox başqa maraqlı nəsnələr rəsm edilmişdi. Qalareyada olan hər bir rəsm tam bir sərvətdir. Bu sərvətlərin yanı ilə gedərəkən adamın az qalsın nəfəsi kəsilir.






Amma hərəkət etdikcə yan tərəfində bahalı eksponatın olması fikrinə alışırsan. Bununla belə, qalareya nə qədər böyük və rahat olsa da ehtiyatlılıq hissi səni tərk etmir.





Qalareyada oturub dincəlmək üçün skamyalar var. Orada oturaraq siz, bir rəsmdən digərinə baxa və həzz ala bilərsiniz.




Əksər ziyarətçilər daha çox rəsm əsərlərinə baxırdı.





Bir çoxları qalareyaya cüt şəkildə gəlirdi. Yəqin ki, qalareyada bu şəkildə gəzmək daha maraqlıdır. Axı insanları təəssüratını bölüşmək üçün adam axtarırlar.  





Qeyd etmək istəyirəm ki, mənə təkcə rəsmlərin özü yox, ağacdan hazırlanmış və ornametlər bəzədilmiş çərçivələr də maraqlı gəldi.   





Bir növbəti zalda künclərə qoyulmuş kreslolar bizi gözləyirdi.





Bu şəkil, daha sonra öyrəndiyimə görə, Mançeser qalareyasıda ən böyük rəsm əsəri imiş.  





Qədim Roma və Yunanıstan tanrılarının təsvir olunduğu lövhə də mənə qeyri-adi və maraqlı gəldi. Hər bir ziyarətçi bura gələrək antik mifaloji biliklərini sınaqdan keçirə bilər.





Qalareyanın hər bir zalı müəyyən mövzuya həsr edilmişdi. Məsələn, qalareyanın növbəti bölməsi səyahətin rəssamlığa necə təsir etdiyini açıq şəkildə nümayiş etdirirdi.





Dəniz və okeanlarda üzən gəmi, tənha və itmiş adalar, dəniz mənzərələri, tufan və qasırğalar – bütün bunlar səyahətlər və kəşflər dövrünü təsvir edirdi.





Növbəti rəsm mənim diqqətimi çəkməyə bilməzdi, axı bu rəsm Napalyonun Moskvaya hücumunu təsvir edən, rus-fransız müharibəsinə həsr olunmuşdu. Aclıq və soyuqdan qırılmağa başlayan fransız ordusu geri çəkilirdi. Rəssam rus şaxtası qarşısında aciz qalan, zəifləmiş fransız əsgərlərinin ağrı-acısını ustalıqla təsvir etmişdi.





Daha sonra qalereyanın genişliyini göstərmək üçün bir neçə şəkil çəkdim.





Bu zalda iki kamoda var idi. Onların hər biri fərqli idi. Bu fərqin səbəbi isə onların ayrı-ayrı mədəniyyətə aid olması və fərqli dini təsirlərə məruz qalması idi. Hiss olunurdu ki, bu gözəlliyi yaratmaq üçün ustalar bir xeyli əziyyət çəkib. Birinci kamod özündə xristian elementləri daşıyan Avropa mədəniyyətini əks etdirirdi. Sağ tərəfdə yerləşən üç kiçik zəng xüsusi diqqət çəkirdi.





İkinci eksponat şərq mədəniyyətini əks etdirirdi. Kamod "zardozi” ("Zar”  fars dilində "qızıl”, "dozi” isə ilə "naxış” adlanır) bəzədilmişdi. Bu qədim fars bəzək növü nəinki İranda, hətta Şimali Hindistanda da geniş yayılmışdı. Onu da bildirim ki, bu qədim bəzək növü ilə daha çox kişilər məşğul olub.





Qeyd etməyə bilmərəm ki, həmin gün qalareyaya çoxlu ziyarətçi gəlmişdi. Maraqlı budur ki, onların əksəriyyəti britaniyalı idi. Deyəsən, bizdən başqa burada əcnəbi yox idi. Xalqın öz mədəniyyətini sevməsini görmək çox xoş idi.





Qalareyada olan rəsmlərin bəziləri dünyaca məşhur qladiator döyüşlərinə həsr olunmuşdu. Məsələn, bu rəsmdəki kimi.





Qalareyada olan vazalardan biri də Roma mövzusuna həsr edilmişdi. Mavi rəngli keramik vazanın yuxarı hissəsində zəncirlə bağlanmış qul fiqurları və qədim döyüşçülərin qələbələri həkk olunmuşdu. Bütün bu konstruksiyanı qanadlarını geniş açmış qartal tamamlayırdı.  





Zalın ortasında kilsələrin və müqəddəs yerlərin bəzədilməsi üçün istifadə edilən keramik piltələr yerləşdirilmişdi. Hər bir piltənin üzəri kiçik gül və orijinal rəsmlərlə bəzədilmişdi.





Əlbəttə ki, keramikaların sayı rəsm əsərlərinin sayından çox deyildi, amma onların gözəlliyi insanı özünə cəlb etməyi bacarırdı.





Qalareyada gəzərkən biz sonuncu zala daxil olduq. Burada "Müharibə cəhənnəmində cənnət” adı altında Stenli Spenserin sərgisi keçirilirdi. Sərgi keçən ilin 29 noyabr tarixindən keçirilirdi. Sərgi 1 mart 2015-ci ilə kimi davam edəcək. Sərgidə keçən əsr Britaniyanın ən ziddiyətli və parlaq rəssamlardan birinin əsərləri nümayiş olunurdu. Biz xoşbəxtlikdən rəssamın çəkdiyi rəsmlərə daha yaxından baxmaq şansı qazanmışdıq.





Qalareyanın divarındakı plazma televizordan hərbi dövrünə aid tarixi faktları əks etdirən video rolik nümayiş olunurdu. Rəsm əsərlərinə gəldikdə, rəssam bu əsərləri vasitəsi ilə müharibənin bütün dəhşətlərini və sadə insanların gündəlik həyatına təsirlərini təsvir etməyə çalışmışdı.

Qalareyadan çıxdıqda məndə qarışıq hisslər yaranmışdı. Bir tərəfdən mən bu möhtəşəm qalareyanı tərk etmək istəmir, digər tərəfdən bizi daha başqa maraqlı sərgüzəştlər gözlədiyi üçün çıxışa yol alırdım. Axı şəhər böyük, onun baxmalı və görməli yerləri isə çoxdur. Səyahətimiz davam edir.  





Mançester incəsənət qalareyasında olmağımızda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.
 
 
 
 
 
 
 
 

 











 
 
 
 
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb