İndiyədək 3400-ə yaxın vətəndaş minalardan zərər çəkib- PREZİDENT

14:06 | 26.05.2023
İndiyədək 3400-ə yaxın vətəndaş minalardan zərər çəkib- PREZİDENT

İndiyədək 3400-ə yaxın vətəndaş minalardan zərər çəkib- PREZİDENT

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaş minaya düşüb. Bu barədə Prezident İlham Əliyevin "Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.
 
Prezident bildirib ki, onlardan 57-si həlak olub, 245-i isə ağır yaralanıb.

"Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”, - müraciətdə bildirilib.
 
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib. 
 
Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb .
 
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirilib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM