Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziyanın Xalq Məşvərət Şurasının sədr müavini cənab Hidayət Nur Vahid ilə Parlamentdəki ofisində görüş keçirib.
Səfirlikdən Trend-ə bildiriblər ki, T.Qarayev İslam Ölkələri Parlament İttifaqının Xocalı soyqırımının tanınmasına dair 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnamə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməsinə dair 2014-cü ildə Ciddədə qəbul etdiyi qətnaməni qarşı tərəfə xatırlatdı.
Söhbətə davam edən T.Qarayev, həmçinin 2013-cü ildə İndoneziya Nümayəndələr Palatasının sabiq sədri Marzuki Əlinin çıxışı zamanı, Ermənistan Azərbaycana qarşı təcavüzü davam etdirdiyi müddət ərzində bu ölkədə İndoneziya səfirliyinin, eləcə də İndoneziyada Ermənistan səfirliyinin açılmasına Parlament tərəfindən icazə verilməyəcəyini bəyan etməsinə baxmayaraq, ondan sonra Cakartada Ermənistan səfirliyinin açılmasının anlaşılmaz olduğunu qeyd etdi.
Hidayət Nur Vahid öz növbəsində İƏT-in qeyd olunan qətnamələrdən xəbərdar olduğunu, hətta Palembanqdakı toplantıya məhz onun sədrlik etdiyini bildirdi. Xocalı soyqırımının Parlament tərəfindən tanınmasına və İndoneziya hökuməti tərəfindən Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına çalışacağını qeyd etdi.
H.Nur Vahid, həmçinin M.Əlinin bəyanatına baxmayaraq Cakartada Ermənistan səfirliyinin açılması məsələsini də yuxarıda qeyd olunan hər iki mövzu ilə birgə Nümayəndələr Palatasının sədri cənab Setyo Novanto ilə həmçinin Parlamentin xarici əlaqələr üzrə 1-ci komissiyasının sədri M.Sıddıq ilə şəxsən müzakirə edəcəyini və həmin görüşlərə səfir T.Qarayevi də dəvət edəcəyini bildirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !