İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilib

11:49 | 07.05.2024
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası  Parlamentdə keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilib

2024-cü il mayın 6-da Milli Məclisin inzibati binasında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.
 
Tədbiri giriş nitqi ilə açan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iclasın keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri xanım Sahibə Qafarovaya təşəkkürünü bildirərək, ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verib.
 
Xidmət rəisi kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı "Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin mayından etibarən 2 illik müddətə başlayacağını qeyd edib.
 
Eyni zamanda İ.Musayev Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın cari ilin sentyabr ayının 25-də Bakıda keçirilməsi və regional təmsilçiliyi ekskluziv olaraq Azərbaycana verilməsi barədə ətraflı məlumat verib.

Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın icra vəziyyəti barədə hesabatlar dinlənib, Strategiyada nəzərdə tutulan tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etmək üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılmış xüsusi portalın təqdimatı həyata keçirilib, o cümlədən informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan digər təkliflər ətrafında  müzakirələrə başlayıb.

Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin baş idarə rəisi general-mayor Fərid Əliyev iştirak ediblər.

Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, qaldırılmış bəzi təhlükəsizlik məsələləri ilə bağlı müvafiq dövlət qurumlarına bildirişlərin göndərilməsinin vacibliyini bildirib. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq, belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb