İngilis parlamentində Dağlıq Qarabağ debatı

12:21 | 12.02.2014
İngilis parlamentində Dağlıq Qarabağ debatı

İngilis parlamentində Dağlıq Qarabağ debatı

Böyük Britaniya parlamentində Birləşmiş Krallığın işğal olunmuş Dağlıq Qarabağ və Azərbaycanla bağlı siyasətinə dair qısa debatlar keçirilib.  APA-nın məlumatına görə, debatlar parlamentin üzvü Stefen Paundun təşəbbüsü ilə baş tutub. Debatlarda Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mark Simons çıxış edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olmaqla, Ermənistanla Azərbaycanın inkişafına maneə törətməkdə davam edir.   M. Simmonsun sözlərinə görə, münaqişə “dondurulmuş” kimi xarakterizə edilsə də, bu, yanlışdır: “Böyük Britaniya qoşunların təmas xəttində, habelə Ermənistanın Azərbaycanla sərhədində atəşkəsin pozulması hallarının davam etməsindən narahatdır”, - deyə o vurğulayıb. M.Simmons Böyük Britaniyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini də bildirib. “ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri ötən il G8 sammitində bəyan ediblər ki, Azərbaycan və Ermənistan hökumətləri bu münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürməlidir. Həmsədrlər bu məsələdə tezliklə irəliləyişin olması üçün səylər göstərməkdədir. Biz və beynəlxalq ictimaiyyət lazımi məqamda tərəfləri dəstəkləməyə hazırıq”. Diplomat təəssüflə qeyd edib ki, hər iki ölkədə bir-birinə qarşı münasibət mənfi stereotiplər və aqressiya üzərində qurulub: “Nə qədər ki, münaqişənin həlli uzadılır, ölkələr xalqlar arasında sülhü bərqərar etməkdən çəkinir, o qədər çox insan öləcək, o qədər çox münaqişənin sülh yolu ilə həllini tapmaq çətin olacaq”. M.Simmons münaqişə tərəflərini təxribatlara uymamağa da çağırıb: “Britaniya hökuməti münaqişənin sülh yolu ilə həllini sürətləndrmək üçün əlindən gələni əsirgəməməyə hazırdır. Britaniya Ermənistan və Azərbaycana daha təmkinli olmaq, təxribatlara uymamaq üçün dəstək verəcək. Biz güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyinetmə hüququ kimi prinsiplər əsasında münaqişənin nizamlanması üçün səylərimizi artıracağıq”. Diplomat həmçinin qəyd edib ki, Böyük Britaniya son 3 ildə münaqişədən əziyyət çəkən icmalar arasında anlaşmanın əldə edilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün 1,5 milyon funt sterlinq ayırıb. Çıxışın sonunda M.Simmons bildirib ki, Böyük Britaniya Ermənistan və Azərbaycanın dostu kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcək: “Bu səylər hər iki ölkə üçün vaçibdir, bölgəyə davamlı sülh və sabitlik gətirə bilər”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti