İngiltərə Fələstini rəsmən tanıdı

09:38 | 14.10.2014
İngiltərə Fələstini rəsmən tanıdı

İngiltərə Fələstini rəsmən tanıdı

Britaniya parlamenti İsraillə yanaşı Fələstin dövlətinin də tanınmasını dəstəkləyən qətnaməyə 274 leyhinə, 12 əleyhinə nisbətində səs verib.AzadlıqRadiosu xəbər verir ki, parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, bu sənəd iki dövlət prinsipi əsasında aparılacaq danışıqlara töhfə verməlidir. Mətbuat yazır ki, səsvermə müəyyən mənadə rəmzi olsa da, qətnamənin uzaqgedən beynəlxalq nəticələri ola bilər.Hökumətə daxil nazirlər səsverməyə qatılmayıblar, lakin xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Tobias Ellwood deyib ki, Britaniya “sülh prosesinə müvafiq olacaq məqamda” Fəsləstin dövlətini tanımaq hüququnu özündə saxlayır. 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin statusunu “qeyri-üzv müşahidəçi dövlət” dərəcəsinə qaldırıb.Assambleyada belə bir qətnaməyə 138 leyhinə, 41 əleyhinə nisbətində səs verilərəkən Britaniya bitərəf qalmışdı.Fələstinin dövlət müstəqilliyinin tanınması təşəbbüsünü parlamentdə müzakirə üçün leyborist millət vəkili Grahame Morris qaldırmış, təşəbbüsün mətninə keçmiş xarici işlər naziri Jack Straw düzəliş etmişdi. Cənab Morris deyib ki, millət vəkillərinin Fələstin dövlətini dəstəkləməsi dalana düşmüş İsrail-Fələstin danışıqlarında sülhə doğru “mühüm simvolik” addımdır.Bu məsələdə Britaniya hökumətinin hazırkı rəsmi mövqeyi belədir ki, London bunun “sülh prosesinə xidmət edəcəyini düşündüyü istənilən məqamda” Fələstin dövlətini ikitərəfli qaydada tanıya bilər. Təşəbbüsün mətnində deyilir ki, “Parlament hökuməti münaqişənin iki dövlət prinsipi əsasında həllinə töhfə kimi İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınmasına çağırır”.Britaniyanın keçmiş xarici işlər nazirlərindən mühafizəkar millət vəkili lord Malcolm Rifkind də münaqişənin ikidövlətli həllinə tərəfdar olduğunu bildirib, lakin əlavə edib ki, “hər bir simvolizmin məqsədi və rolu olmalıdır”, amma bu halda söhbət öz beynəlxalq funksiyalarını yerinə yetirməsi üçün lazımi atributlara malik olmayan ərazidən gedir və bu mənada “təşəbbüs vaxtından əvvəl” qaldırılıb.Xəbər verilir ki, Britaniya parlamentindəki səsvermə Avropanın başqa yerlərində və bütün dünya boyunca 100 ölkədə Fələstin dövlətçiliyinin rəsmən tanındığı bir zamana təsadüf edir. İsrail bildirir ki, Fələstinin tanınması vaxtından əvvəl atılmış addımdır və iki tərəf arasındakı danışıqlar prosesinə əngəl törədir. Fələstin rəsmiləri isə bildirirlər ki, onlar məhz elə danışıqlar prosesinin iflasına görə dövlətçiliklərinin tanınması istiqamətində iş aparırlar.Müxalif Leyborist Partiyası iki dəfə, 2011 və 2012-ci illərdə hökuməti Fələstin dövlətini rəsmi qaydada tanımağa çağırıb. Britaniya parlamentində qəbul olunmuş bu qətnamə hökumətin real hərəkət etməsi üçün icbari sayılmasa da, ölkə qəzetləri səsverməni “tarixi” adlandırıblar.Qəzetlər diqqəti belə bir məqama çəkirlər ki, Leyborist Partiyası öz üzvü olan millət vəkillərinə Fələstin dövlətçiliyinin leyhinə səs verməyi partiya intizamı qaydasında tapşırıb. Bu isə o deməkdir ki, hazırda müxalifətdə olan leyboristlərin hakimiyyətə gələcəkləri təqdirdə London Fələstini rəsmən tanıya bilər.Mətbuat yazır ki, hətta Mühafizəkarlar Partiyasının əvvəllər İsrailə qızğın dəstək verən millət vəkilləri də qətnamənin səsə qoyulmasına maneçilik törətməyiblər. Parlametin nüfuzlu Xarici İşlər Komitəsinin sədri Richard Ottaway deyib ki, o İsrailin son vaxtlardakı davranışına görə innən belə fələstinliləri dövlətçilikdən məhrum edən mövqeyi dəstəkləməkdə davam edə bilməz. O deyib ki, hətta Mühafizəkarlar Partiyasına üzv olmadığı vaxtlarda da İsrailin dostu olub, lakin indi İsrailin beynəlxalq ictimai rəydən kənar düşdüyünü görür.Richard Ottaway  deyib ki, xüsusən də İsrailin Qərb sahilindəki son torpaq qəsbkarlığından qəzəblidir və bu qəzəbə görə də qətnamənin leyhinə səs verib. “Mən İsrail hökumətinə demək istərdim ki, əgər onlar mənim kimi adamları itirirlərsə, gələcəkdə çox sayda dost itirəcəklər” – deyib siyasətçi.

Təşəbbüsün müəllifi Morris deyib ki, Britaniya həm İsrail, həm də Fələstin xalqı qarşısında tarixi və mənəvi məsuliyyət daşıyır. “1920-ci ildə biz Fələstini dövlətçiliyə və müstəqilliyə yetişdirmək üçün müqəddəs etimad sahibi olmuşuq. Bu, bir əsr əvvəl olub və Fələstin xalqı hələ də haqlarının tanınmasını gözləyir” – deyib Morris. Millət vəkili bildirib ki, “biz bu müqəddəs etimada çox uzun müddətdə laqeyd qalmışıq, lakin indi həmin laqeydliyin əvəzini vermək üçün tarixi fürsət əldə etmişik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM