Çingiz xan və Monqol imperiyasıyla bağlı şok tapıntı - ARAŞDIRMA

21:37 | 11.03.2014
Çingiz xan və Monqol imperiyasıyla bağlı şok tapıntı - ARAŞDIRMA

Çingiz xan və Monqol imperiyasıyla bağlı şok tapıntı - ARAŞDIRMA

Tədqiqatçıların apardığı son araşdırmaya əsasən, 13-cü əsrin əvvəllərində Çingiz xanın və nəhəng Monqol İmperatorluğunun yüksəlişi əlverişli hava şəraiti ilə bağlı olub. 

ANN.Az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, mərkəzi Monqolustanda qədim ağacların halqalarını öyrənən amerikalı tədqiqatçılar müəyyən ediblər ki, Çingiz xanın yüksəlişi yumşaq, yağıntılı havayla birbaşa əlaqəli olub. 

Həmin dövrdə otlar çox sürətlə cücərib, bu isə monqol ordusunun atları üçün yaxşı yem idi. 

Genghis

Çingiz xan Monqol imperiyasının qurucusudur, tarixçilərin fikrincə, bu, dünya tarixindəki ən geniş ərazili imperiya olub

Çingiz xan monqol qəbilələrini birləşdirmiş, bu isə ona böyük əraziləri işğal etməyə şərait yaratmışdı. 

Bu ərazilər müasir Koreyanı, Çini, Rusiyanı, şərqi Avropanı, Hindistanı və cənub-şərqi Asiyanı əhatə edirdi. 

Xarizmatik lider

Milli Elmlər Akademiyasının işləri arasına da keçən araşdırmaya əsasən, Çingiz xanın hakimiyyətindən öncə, 1180-1190-cı illərdə çox ciddi bir quraqlıq baş vermişdi. 

Genghis

Müasir monqollar Çingiz xanı monqolların atası və dövlətin yaradıcısı hesab edirlər

Ancaq imperiyanın genişləndiyi 1211-1225-ci illərdə Monqolustan ərazisinə adi vaxtlarda müşahidə edilməyən qeyri-adi dərəcədə çox yağıntı düşmüş və mülayim hava hökm sürmüşdür. 

"Qəfildən baş verən ifrat quraqlıqdan ifrat nəm havaya keçid, iqlimin insan faəliyyətində vacib rol oynadığını deməyə əsas verir", - bu sözləri Virciniya Universitetindən olan ağac-halqası mütəxəssisi, araşdırmanın həmmüəlifi Emu Hessl AFP agentliyinə açıqlamasında bildirib. 

"Bu, Çingiz xan kimi xarizmatik liderin dağınıqlığı aradan qaldırıb, vahid güc və mütəşəkkil ordu yaratmasında ən vacib faktor olmasa da, onlardan biridir.

Quru və görünməmiş rütubətli hava bitkilərin məhsuldarlığında böyük rol oynayır, bu isə atların əldən düşməməsinə səbəb olur. Bu faktor Çingiz xanın yüksəlişinə misilsiz töhfə verib", - elm adamı sözlərinə əlavə edib. 

Əlverişli havadan yararlanan Çingiz xan qısa müddət ərzində dağınıq qəbilələri bir yerə toplayıb güclü ordu yaratmağa müvəffəq olmuş və hətta qonşu əraziləri də qısa müddət ərzində işğal etmişdi.

Emu Hessl və Kolumbiya Universitetinin ağac halqaları üzrə mütəxəssisi, araşdırmanın əsas müəllifi Nil Pederson Monqolustanda qədim ağac nümunələrin üzərində araşdırma apararkən, bölgəyə xas olmayan qısaboylu Sibir şam ağaclarına konsentrasiya olublar. 

Ağaclar Xangayi Dağlarında lavaların axdığı sərt qayaların çatlaqları arasında boy atıblar. 

Belə şərtlər altında ağaclar gec boy atırlar və hava dəyişikliklərinə çox həssas olurlar, bu isə araşdırmanın daha da dərinləşməsi üçün çoxsaylı səbəblərdən biridir. 

Ekspertlər deyir ki, ağaclardan bəziləri 1.100 il yaşayıblar, onların aşkar etdiyi ağac parçalarından birinin halqalarından bəlli olub ki, onun tarixi e.ə 650-ci ilə qədər gedib çıxır. 

Tərcümə: Cavid Ramazanlı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM