Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA

17:56 | 02.12.2022
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA

Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA

Lida Abbaslı
 
Fərdi pensiya, fərdlərin öz qazanclarından ödədikləri  və sonra pensiyaya çıxandan sonra  fərdi pensiya şəklində alacaqları bir plandır. Bu, dövlət pensiyasına alternativdir. Adətən, fərdlər vəsaitlərini sığorta şirkətləri tərəfindən idarə olunan qənaət sxemlərinə və ya qarşılıqlı fondlara yatırırlar. Çox vaxt fərdi pensiyalar da işəgötürən tərəfindən idarə olunur və peşə pensiyaları adlanır. Fərdi pensiya sistemlərinə ödənişlər adətən vergidən çıxılır.
 
Fərdi Pensiya Sistemi nədir?
 
Fərdi Pensiya Sistemində əmanətlər 30% dövlət subsidiyasına görə dəyəri artarkən qarşılıqlı fondlara yatırılır.  Müntəzəm ödənişlərlə dəyərini itirməyən əmanətlər uzunmüddətli dövrdə inflyasiya səviyyəsindən yüksək gəlir gətirir.  Bundan əlavə, Fərdi Pensiya Sistemində iştirak standartlar və gözləntilərə uyğun formalaşdırıla bilər.
 
WTW-nin (Wilis Towers Watson,  - red) Thinking Ahead İnstitutunun hesabatına görə, dünyanın 300 ən böyük pensiya fondunun idarə olunan aktivləri 2021-ci ildə 8,9% artaraq rekord həddə - 23,6 trilyon dollara çatıb. 
 
Yaponiyanın Hökumət Pensiya İnvestisiya Fondu 1,73 trilyon dollardan çox aktivləri ilə 20 ildir ki, dünyanın ən böyük pensiya fondu kimi siyahının başında qalır. Norveçin Hökumət Pensiya Fondu Global 1,44 trilyon dollardan bir qədər az faizlə ikinci, Cənubi Koreyanın milli pensiya fondu isə 800 milyard dollardan bir qədər az faizlə  üçüncü olub. 
 
Ən yaxşı 300 pensiya fondunun təxminən yarısı (148) ABŞ-dadır və idarə olunan ümumi aktivlərin təxminən 40%-i onların payına düşür.  Növbəti yerləri ərazisində 23 fərdi  pensiya fondu fəaliyyət göstərən  Böyük Britaniya, Kanada (18), Avstraliya (15), Hollandiya (12) və Yaponiya (11) bölüşdürür.
 
Yaponiya təcrübəsi
 

Son illərdə Yaponiya pensiya sistemində dövlət və peşə pensiyası sütunlarında müxtəlif islahatlar aparılıb. Mövcud sistem sabit faizli Milli Pensiya Sistemindən və dövlət və özəl sektorda çalışan işçilər üçün işlə bağlı pensiyalardan ibarətdir. Bu iki element birləşərək dövlət pensiya sisteminin sütununu təşkil edir. İşəgötürənlər peşə pensiyaları kimi fəaliyyət göstərən, lakin dövlət pensiyalarının qazancla bağlı hissəsinin müavinətlərini əvəz edən və əlavə müavinətlər verə bilən İşçilərin Pensiya Fondunu yarada bilərlər. Bundan başqa, işəgötürənləri əmək pensiyası verməyən işçilər və özünüməşğulluqla məşğul olanlar Milli Pensiya Fondu Assosiasiyasında müəyyən edilmiş haqqlar üzrə hesablar aça bilərlər. Müəyyən edilmiş müavinat və ödəmələr üzrə korporativ pensiya planları 2001-ci ildə tətbiq edilib. Yaponiyada könüllü fərdi pensiya planları müxtəlif formalarda ola bilər.
 
Ukrayna təcrübəsi
 

Post-sovet ölkəsi olan Ukraynada pensiya sistemi üç mərhələlidir.  Fərdi pensiya sistemin üçüncü mərhələsinə  aiddir. Sistemin mahiyyəti fərdlərin və işəgötürənlərin könüllü ödəmələr hesabına əlavə pensiya yığımlarının yaradılmasıdır. Özəl pensiya sisteminin əsasını qeyri-dövlət pensiya fondları (NPF) – ( Non-government Pension Fund) "Qeyri-dövlət pensiya təminatı haqqında" Ukrayna Qanununa uyğun olaraq yaradılmış, qeyri-kommersiya təşkilatı (qeyri-kommersiya şirkətləri) statusuna malik olan, fəaliyyət göstərən və həyata keçirən hüquqi şəxslər təşkil edir. NPF iştirakçılarının pensiya yığımları üzv, onun işəgötürən və ya ailə üzvləri tərəfindən ödənilən pensiya haqları və vəsaitlərin investisiyasından əldə edilən investisiya gəlirləri hesabına formalaşır. İştirakçıların fərdi pensiya hesablarında uçota alınan bütün vəsaitlər (pensiya yığımları və investisiya gəlirləri), rüsumları kimin ödədiyindən asılı olmayaraq NPF iştirakçılarının - iştirakçının, onun işəgötürəninin və ya qohumlarının mülkiyyətidir. Buna görə də, iştirakçıdan başqa heç kim bu vəsaitlərə sərəncam verə bilməz. Beləliklə, fərdi pensiya sistemi dövlət pensiya sistemindən başqa prinsiplərə əsaslanır və fəaliyyət göstərir ki, bu da ona bir sıra mühüm üstünlüklər verir.
 
Azərbaycanda zaman-zaman özəl pensiya fondlarının yaradılması məsələləri gündəmə gəlsə də, ölkədə hazırda pensiya sistemi sadəcə dövlət tərəfindən tənzimlənir.
 
İqtisadçı ekspert Akif Nəsirov deyir ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması 2006-cı ildə başlanan islahat layihəsində öz əksini tapmışdı. Həmin layihədə göstərilirdi ki, bütün məsələlər müəyyən mənada həll edildikdən sonra özəl pensiya fondlarının yaradılmasına da şərait formalaşacaq.

"Amma 2006-cı ildə başlanan pensiya islahatı 2017-ci ildə aradan qaldırıldı və əvvəlki sistemə keçildi. Həmin pensiya islahatının əsas məqsədi ondan ibarət idi ki, pensiya sahəsində sistem dəyişikliyi baş versin. Yeni qəbul olunan prinsipə görə, əmək qabilliyyətli şəxslər işləyir və pensiyaçıları dolandırır prinsipi dəyişəcəkdi. Onun əvəzinə hərə özünə əmək qabiliyyəti olan dövrdə layiqli pensiya kapitalı qazanacaqdı”, - ekspert bildirib.

Akif Nəsirov qeyd edir ki,  bu halda əməkçi Dövlət Sosial Müdafiə Fondundan imtina edib özəl pensiya fondlarına üz tuta bilər. Hazırda isə  bizdə özəl pensiya fondlarının yaradılması üçün hətta nəzəri imkanlar da yoxdur. Digər tərəfdən əhalinin böyük əksəriyyəti gizli məşğulluqla fəaliyyət göstərir.

"Bundan əlavə bu sahə üçün mexanizm formalaşdırılmalı, özəl pensiya fondlarının olduğu ölkələrdə inflyasiya sabitliyi olmalıdır. İnflyasiya sabitliyi ona görə vacibdir ki, bir əməkçi 18 yaşından işləməyə başlayıb 25 il özü üçün kapital yığıb, yaşı tamam olub pensiyaya çıxanda yığılan kapitalın ölməsinin qarşısı alınır. Həmin vəsaitlər ən yüksək faiz verən banklara yatırılır, onların hər il inflyasiyaya uyğun indeksasiyası dövlət tərəfindən aparılır. Əslində özəl pensiya fondlarının indeksasiyası dövlət tərəfindən deyil, özləri tərəfindən həyata keçirilməlidir. Özəl pensiya fondları həmin vəsaitdən pul qazana bilməlidir ki, o indeksasiyanı həyata keçirsin, həm də özünün mənfəəti yaransın”, - ekspert bildirib.

İqtisadçı ekspert bildirir ki,  bu sistemlər 1, 2, 3% inflyasiya şəraitində işləyə bilir. Azərbaycanda isə inflyasiya hazırda 10%-in üstündədir. Bu tip şəraitlər də özəl pensiya fondlarının yaradılmasına imkan vermir.

"Yəni özəl pensiya fondlarının yaradılması üçün birinci növbədə ölkədə oturuşmuş bazar iqtisadiyyatı sistemi formalaşmalıdır. Bizdə isə inhisarçılıq mövcud olduğu üçün bazar iqtisadiyyatının formalaşması mümkün deyil. Azərbaycan höküməti öz nəzarət dairəsindən kənarda kapital sahibi olan fərdlərin olmasını arzuedilməz hal saydığı üçün  inhisarçılıq aradan qaldırıla bilmir”, - ekspert deyib.

Akif Nəsirov hesab edir ki, bu məsələdə inhisarçı dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondudur.
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, demokratik dövlətlərdə insanların seçmək hüququ olmalı, insanlar bir pensiya fondundan asılı olmamalıdır.

"Dövlət pensiya fondunun verdiyi məbləğ məni qane etmirsə, başqa pensiya fonduyla işimi davam etdirə bilmək haqqım olmalıdır. Buna dövlət tərəfindən etiraz da yoxdur. Dövlət məmurları, əlbəttə, özəl pensiya fondunun olmasını istəmirlər. Özəl pensiya fondlarının normal fəaliyyət göstərməsi üçün qanun layihəsi olmalıdır”, - deputat bildirib.

Vahid Əhmədov hesab edir ki, məsələnin həlli üçün ilk növbədə Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi yanında Dövlət Müdafiə Fondu alternativ qanun layihəsi hazırlayıb təqdim etməlidir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu özəl pensiya fondlarının yaradılması ilə bağlı sorğuya cavab olaraq bildirib ki, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması üçün ilk mərhələdə normativ hüquqi baza yaradılmalıdır. Bunun üçün də ilk növbədə müxtəlif dünya ölkələrində özəl pensiya fondları ilə bağlı təcrübə öyrənilməklə, həmçinin Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində müvafiq işlər aparılır.
 
"Uğurlu təcrübəsi olan özəl pensiya fondları dünya ölkələrində  çox azdır  və yaranan belə fondlardan böyük hissəsi investisiya fəaliyyətindən gəlir əldə edilməsində ciddi risklərlə üzləşərək müflisləşməyə məruz qalaraq fəaliyyətini qoruyub saxlaya bilməyib.
 
Özəl pensiya fondları dövlətin müvafiq fondunun alternativi olmur və özəl pensiya fondlarının gəliri könüllü ödəmələr hesabına formalaşmalı olur.
 
Ona görə də burada uzunmüddətli investisiya fəaliyyəti ilə yanaşı vəsaitlərin effektiv idarə olunması da tələb edilir.
 
Bütün bu cəhətlərə görə qeyri-dövlət pensiya institutunun qurulması üçün ciddi qiymətləndirmələr aparılır, eyni zamanda, beynəlxalq qurumlarla, ekspertlərlə məsləhətləşmələr davam etdirilir”, - açıqlamada bildirilir.
 
Özəl pensiya fondlarının yaradılmasına bir qism vətəndaşın da münasibətini öyrəndik.  Həmsöhbətlərimizin çoxu özəl pensiya fondlarının yaradılmasının tərəfdarıdır, bir qismi isə dövlət pensiya fondunu daha təhlükəsiz və etibarlı olduğuna inanır.
 
Gülüsüm Abbasova deyir ki, dövlətin müəyyən etdiyi pensiya yaşına çatıb çatmayacağını bilmir.

"Əgər özəl fondlar daha sərfəli təkliflər edirsə, niyə dövlət pensiyasından asılı olum?’’,  -  Abbasova vurğulayır.
 
Kənan Əliyev düşünür ki, Azərbaycanda təqaüdçülərin vəziyyəti elə də ürəkaçan deyil, özəl fondların olması, bu vəziyyəti qismən də olsa, düzəldə bilər.
 
"Özəl fondların şərtləri məni dövlətinkindən daha  çox qane edərsə, əlbəttə, özəl fondlara üstünlük verərdim. Azərbaycanlıların ortalama ölüm yaşına baxanda görürük ki, insanların çoxu pensiya yaşına çatmamış ölür. Ona ödəniləcək pensiya da əldən getmiş olur”,  -  Əliyev deyib. 
 
Emil Xəlili isə  Azərbaycanda özəl pensiya fondlarının yaradılmasını reallığa uyğun hesab etmir.
 
"Azərbaycanda özəl fondlar yaradılsa, orda da yeyinti olar, bu səbəbdən istəmirəm”,  - Xəlili bildirib. 
 
Mikayıl Mirzəzadə isə hesab edir ki, pensiya məsələlərini dövlətin tənzimlənməsi təhlükəsizlik baxımdan daha doğrudur.
 
"Özəl fondlarda risklər olduğu üçün, dövlət fondu daha etibarlıdır”, - o deyir. 
 
İstimqamət: 5.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb