Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radisounun daxil olduğu "China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının "Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlət başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.
Proqramın qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev aparıcının Azərbaycan ilə Çinin siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlığına, əlaqələrin inkişaf perspektivlərinə, Çinin "Bir kəmər, bir yol” təşəbbüsü və onun tərkib hissəsi olan Orta Dəhliz üzrə əməkdaşlığa, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə dair və digər mövzularda suallarını cavablandırıb.
Hacıyev Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlığının və tərəfdaşlığının daha da inkişaf etdirilərək keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladığını, iki ölkə arasında münasibətlərin ənənəvi dostluğa əsaslandığını, siyasi əlaqələrdə qarşılıqlı etimadın və dialoqun formalaşdığını, iqtisadi-ticari, mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlığın qurulduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirdiyini diqqətə çatdırıb. Azərbaycanın vahid Çin prinsipini dəstəkləməsi və Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daim dəstəyi qeyd olunub. Prezidentin köməkçisi yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin iki ölkənin əməkdaşlığının, dialoqunun möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bu ilin fevralında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev bildirib ki, həmin seçkilər müstəqil Azərbaycanın tarixində ölkənin bütün suveren ərazisində keçirilmiş ilk seçkilər kimi tarixə düşüb. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hərbi təcavüz və separatizm səbəbindən ölkənin bütün ərazisində seçkilərin keçirilməsi mümkün olmamışdı. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə dair xalqa verdiyi vədi yerinə yetirməyə müvəffəq olub. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Regionda Azərbaycanın yaratdığı status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanır. Fevralda keçirilmiş və Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnmiş seçkilər Azərbaycan tarixi üçün mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni hədəflərə yolunu da açıb. Bu gün rəsmi Bakı daha fəal xarici siyasət yürütməkdə qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.
Proqramda qeyd olunub ki, son illər Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində "Bir kəmər, bir yol” təşəbbüsü xüsusi rol oynayır. Bu xüsusda Orta Dəhlizin imkanlarından maksimum dərəcədə istifadə olunmasının gələcəkdə iqtisadi-ticari münasibətlərə böyük töhfələr verəcəyi vurğulanıb. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi əlaqələrini nəzərə alaraq Çin-Mərkəzi Asiya-Azərbaycan formatında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərtlərlə fəaliyyəti üçün davamlı iş aparır.
Verilişdə Azərbaycan və Çinin ikili standartlarla üzləşməsi, bəzi Qərb ölkələrinin digərlərinin daxili işlərinə qarışması, başqalarına dərs keçmək və ya moizə oxumaq cəhdləri qınanılıb.
Verilişdə Azərbaycanda yaşıl keçid, yaşıl inkişaf siyasətindən söz açılıb, bu istiqamətdə Çinin rəsmi Bakının vacib tərəfdaşı olduğu, ölkələrimizin sözügedən sahədə yaxşı əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb. Qeyd olunub ki, COP29-a ev sahibliyi barədə qərar zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın yaşıl keçidlə bağlı qəti iradəsinin təcəssümüdür. Bu cür tədbirlər Azərbaycanın yaşıl keçid, rəqəmsal inkişaf ilə bağlı prioritetlərinin həyata keçməsinə töhfə verəcək. Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənub və Qlobal Şimal arasında həmrəyliyə, konsensusa nail olmaq istiqamətində çalışacağı, inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələr və ətraf mühit dəyişmələrinin fəsadları ilə daha qabarıq şəkildə üzləşmiş kiçik ada ölkələrinin problemlərinin eşidilməsi üçün səylərini əsirgəməyəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !