"İnsan Hüquqları Aylığı"nda hansı problem qabardılmalıdır? - Müdafiəçilər danışır

17:44 | 20.05.2022

"İnsan Hüquqları Aylığı"nda hansı problem qabardılmalıdır? - Müdafiəçilər danışır

Azərbaycanda "İnsan Hüquqları Aylığı" keçirilir. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva açıqlama verib. 
 
İyunun 18-dək davam edəcək bu aylığın elan olunmasında əsas məqsəd insan hüquqlarının pozulması ilə bağlı mövcud problemləri aradan qaldırmaq, pozuntuları minimuma endirməkdir.

Bəs insan hüquqlarının pozulması fonunda mövcud problemlər hansılardır?

Hüquq müdafiəçisi Rüfət Səfərovun fikrincə,  "İnsan Hüquqları Aylığı” anlayışı qüsurludur. Onun fikrincə, insan hüquqlarının ayı, ili, bir sözlə dövrü olmur, bu, daimi xarakter daşımalıdır.

"Əgər belə ay elan edilibsə hesab edirəm ki, təxirə salınmadan bəzi hüquq və azadlıqlarla bağlı addımlar atılmalıdır. İlk növbədə ölkəmizin istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanılan siyasi və vicdan məhbuslarının cəmiyyətə qaytarılması ilə bağlı ali qərar verilməlidir. Bu, günümüzün əsas problemidir. Azad mediaya, söz və fikir azadlığına hörmət ruhunda media və hüquq siyasəti yürüdülməldir. "Media Haqqında qanun” layihəsinə yenidən baxılmalıdır. Ölkə coğrafiyasında fəaliyyət göstərən, alternativ fikirləri yayan media resurslarının bloklanması aradan qaldırılmalıdır. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməlid. Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunmalıdır, bu sahədəki çatışmazlıqlar, xüsusilə, qanunvericilik səviyyəsindəki mürtəce normalar aradan qaldırılmalıdır. Bərabərlik hüququna ciddi önəm verilməli, rəsmilər cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməlidir. Məhz bu hüquqa üstünlük verilməlidir ki, yerdə qalan əsas hüquq və azadlıqlara zəmin yaransın. Korrupsiyaya şərait yaradan hallarla məqsədyönlü və prinsipial mübarizə aparılmalıdır. Nəhayət, məmurların, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda göstərilən gəlir bəyannaməsi ilə bağlı mexanizmlər işə salınmalıdır", - o deyib.
 
Səfərov vurğulayır ki, azı yüzlərlə şəxsin hüquqları müxtəlif istiqamətlərdə pozulub.
 
"Siyasi məhbusların adlarını göstərsəm, gərək 100-dən çox ad yazım. Hüquq pozuntuları barədə bütün məsələlərdən danışsam, gərək bir kitab yazaq. Bir nümunə çəkim. 30 ilə yaxındır ki, həbsdə olan keçmiş OMON'çular ( Xüsusi Təyinatlı Polis Dəstəsi, - red) - Elçin Əmiraslanovun və silahdaşlarının əfv sərəncamı ilə azadlığa çıxamasını gözləyirik", - o əlavə edib.
 
İnsan Hüquqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, sosial-iqtisadi problemlərlə bağlı çox sayda vətəndaş müraciətləri daxil olur.
 
"Əsassız olaraq işdən çıxarılmadan başlayaraq "müharibə veteran"ı statusunun verilməsinə kimi bütün sahələrdə insanların hüququ pozulur. Hazırda 30-a yaxın icraatda iş var ki, hamısı müharibə iştirakçılarının status məsələsi barədədir. Hansı ki, bu şəxslərin müharibədən əvvəl sənədləri düzgün tərtib olunmayıb, indi də problem yaşayırlar. Ümumiyyətlə, Konstitusiyada sosial-təminat hüququ var. Lakin mövcud durumda ən çox pozulan hüquq da budur. Həmçinin, vətəndaşların birləşmə, sərbəst toplaşma və seçib-seçilmə hüquqları pozulur. Eləcə də, məhkəmə-hüquq istiqamətində pozuntular olub. Həm cinayət işlərinin istinaq prosesində, həm də alınan qərarlarda insanların hüquq pozuntularına şahidlik edirik. Həmçinin, vəsatətlərin düzgün təmin edilməməsi də bura daxildir. 90-cı illərdə "OMON", bu əsrdə "Gəncə hadisələri", "Tovuz hadisələri" düzgün araşdırılıb, hüquqi qiymət verilmir", - o bildirib.
 
Cəfərov əlavə edir ki, bu aylıq çərçivəsində baş tutacaq əfv sərəncamından gözləntiləri böyükdür.
 
"28 mayda olacaq əfv sərəncamı ilə bağlı İlham Əliyevə müraciət ünvanlamışıq. Müraciətdə bu simvolik ayda əfv sərəncamını genişlətdirmək xahişimiz öz əksini tapıb", - o deyib.
 
Hüquqşünas Fariz Namazlı keçən il və cari ilin 4 ayında hüquq pozuntularının əsasən korrupsiya  ilə bağlı olduğunu bildirir.
 
"Hüquq pozuntuları vətəndaşların dövlət qurumlarına müraciətləri zamanı da müşahidə olunur. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra əlilliyin verilməsi barədə şikayətlər artıb. Hüququ pozulan istənilən şəxs məhkəməyə müraciət edə bilər. Bəzi hallarda bir qurumun alt şöbəsindən narazı vətəndaşlar olur, belə olduqda isə yuxarı quruma müraciət ünvanlamaq lazımdır. Təzminat ilə bağlı da məhkəmədə tələb irəli sürə bilər. Maddi təzminat tələbi daha asan olur. Lakin hüquq pozuntusu ilə bağlı mənəvi təzminatlar çox vaxt ödənilmir. Azərbaycandakı məhkəmələrin qərarından narazı olanlar da Avropa Məhkəməsinə müraciət hüququna malikdir", - Namazlı dedi.
 
Hüquq pozuntuları barədə hesabatlarda nə yazılıb? 
 
Cari il 31 martda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
 
Cari il yanvarında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki, siyasi və sosial hüquqların pozulması hallarına dair hesabat hazırlayıb. Sənəddə deyilir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2021-ci ildə də müşahidə olunub və ölkədə bu halların sistemli səciyyə daşıması müəyyən edilib. SMDT bu il boyunca 580 fakt əsasında 676 hüquq pozuntusu qeydə alıb. Bu pozuntular arasında sosial təminat hüququ, ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, tibbi yardım hüququ, ifadə azadlığı, adekvat yaşayış standartı kimi hüquqların pozulması üstünlük təşkil edib. Ümumiyyətlə, qeydə alınmış 676 hüquq pozuntusundan 310 hal mülki və siyasi hüquqlar, 366 hal isə sosial-iqtisadi hüquqlar kateqoriyasına daxil olub.

 "Human Rights Watch”(HRW) insan haqları təşkilatı yanvarın 13-də  illik hesabat açıqlayıb.

"2021-ci il martda Prezidentin imzaladığı əfv fərmanı ilə 40-a yaxın müxalifət fəalı, dindar, jurnalist, hüquq müdafiəçisi və siyasi motivlə həbs olunduğu güman edilən digər məhbuslar həbsdən azad edildi. Ancaq hökumət müxalifəti və digər tənqidçi səsləri boğmağa davam etdiyinə görə çoxlu sayda insan saxta ittihamlarla hələ də həbsdə saxlanılıb. Yanvarda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov qadağan olunmuş əşyaların alveri ilə bağlı yeni, şübhəli ittihamlarla üzləşib. O, mühacirətdə yaşayan hökumət tənqidçisindən ölkədəki sabitliyi pozmaq və bir neçə siyasi xadimin qətli üçün pul vəsaiti almaqda ittham edilir. Əhmədov ona qarşı olan bu ittihamları rədd edir. Oktyabrda məhkəmə Əhmədovu 13 il müddətinə azadlıqdan məhrum edib. İyunda məhkəmə 12 AXCP üzvünü, o cümlədən beş partiya rəhbərini – Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Asif Yusifli və Ayaz Məhərrəmlini müharibədən əvvəlki aksiyada ictimai asayişi pozmaq və bir sıra digər ittihamlarda günahkar bilərək iki ildən dörd ilədək şərti cəzaya məhkum edib", - hesabatda yazılıb.

HRW əlavə edir ki, fevralda AXCP sədrinin müavininin oğlu Mehdi İbrahimov COVID-19-u yaymaqda ittiham edilib və 15 ay şərti həbs cəzasına məhkum edilib.
 
"Bu ilin martında İlham Əliyev 2020-ci ilin dekabrında COVID-19-u yaymaqda ittiham olunan və bir il müddətinə azadlıqdan məhrum edilmiş AXCP üzvü Məhəmməd İmanlını əfv edib. Həmçinin martda polis müxalifət fəalı Laçın Vəliyevi narkotiklə bağlı saxta ittihamla həbs edib və onu AXCP rəhbərliyinə qarşı yalan ifadələr verməyə məcbur edib. Vəliyev təzyiq altında narkotik ittihamını qəbul edib. O, bu hesabat hazırlanarkən istintaq təcridxanasında saxlanılırdı”, hesabatda göstərilib.

Təşkilat Əlizamin Salayev, Saleh Rüstəmov, Aqil Məhərrəmov və Paşa Umudovun da saxta ittihamlarla həbs olunduğunu qeyd edir. 

"İyulda apelyasiya məhkəməsi müxalif Müsavat Partiyasının rəhbərlərindən biri olan Tofiq Yaqublunun ev dustaqlığını 30 aylıq şərti cəza ilə əvəz edib. Yaqublu 2020-ci ildə ədalətsiz şəkildə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyi üçün səhhətində yaranan problemlərə görə ev dustaqlığında idi/ Mayda hökumətyönümlü olduğu bildirilən Azərbaycan Vəkillər Kollegiyası əvvəlki illərdə siyasi baxımdan həssas məhkəmə işlərində vəkil olduqlarına görə cəzalandırılaraq vəkillikdən məhrum edilmiş vəkil Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətini yenidən bərpa edib", - orada qeyd edilib.

"Human Rights Watch”un hesabatının ifadə azadlığı ilə bağlı bölümündə martda bloger Elçin Həsənzadə və fəal İbrahim Salamovdan bəhs edilir. Həmçinin, fevralda apelyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin jurnalist Polad Aslanova qarşı dövlətə xəyanət hökmünü qüvvədə saxlayıb və o, 16 illik həbs cəzasını çəkməyə davam etməsi də hesabatda qeyd olunub. Təşkilat hesabatında jurnalist və ictimai fəalların hökumət tərəfindən izlənməsinə də toxunub.
 
Jurnalistləri Müdafiə Komitəsini 2021-ci ili mətbuat azadlığını müdafiə edənlər üçün "xüsusi qəmgin il” adlandırıb. Hesabatın Azərbaycanla bağlı hissəsində hazırda 2 jurnalistin həbsdə olması vurğulanır.  "Lakin hakimiyyət iddia edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiqlə üzləşməyib”, – hesabat müəllifləri qeyd edib.
 
ABŞ Dövlət Departamentinin 2020-ci il hesabatında Azərbaycan müxtəlif insan haqları pozuntularında, o cümlədən "qanunsuz və ya özbaşına adam öldürmə”, "ifadə azadlığına, mətbuata və internetə ciddi məhdudiyyətlər” və "uşaq əməyinin ən pis formaları”nda ittiham olunur".
 
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2022-ci ilin yanvar və fevralı üçün insan hüquqlarının, həmçinin işgəncə hallarının pozulmasına dair hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, aparılan monitorinqə əsasən, Azərbaycanda son aylarda ən çox siyasi hüquqlar, azad-fikir və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırılması, mülkiyyət, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub.

"İctimai-siyasi xadimlərin, ictimai fəalların şantaj və susdurmaq məqsədini güdən, mediada və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videollar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmır və bu sahədə vəziyyət heç də ürəkaçan deyil”, – hesabatda vurğulanır.

 
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il  Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü qeyd edilir. 

"İnsan Hüquqları Aylığı" ilə bağlı Ombudsman dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət edib. Müraciətdə deyilir ki, hər il olduğu kimi builki aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

"Bununla bağlı dövlət və yerli özünüidarə orqanlarına,elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müracət edərək təşəbbüsümüzə qoşulmaqla aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram. Həmçinin, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir", - müraciətdə göstərilib.
 
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoyub. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Ləman Qasımova
 
İSTİQAMƏT: 5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb