"Jurnalistlər vətəndaşları istintaq edə bilməz" - Ekspertlər danışır - VİDEO

20:01 | 01.04.2020
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan telekanallarında jurnalistlərin vətəndaşlara yaxınlaşıb amiranə şəkildə onlardan maska, əlcək taxmalarını tələb etmələri və evdən çıxma səbəblərini soruşmadan bu əmələ görə  aşağılamaları artıq  adi hala çevrilib. Belə videoreportajlardan biri isə bu gün sosial şəbəkədə xüsusi tənqidə məruz qalıb. Dünya TV-nin Sumqayıt şəhərindən hazırladığı video sorğu qınanıb:
 
 
 
Bəs görəsən jurnalistlərin özlərini belə aparması nə dərəcədə jurnalistikanın etika kodeksinə uyğundur? 

Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirir ki, vətəndaşlara bu formada yanaşmaq qəti doğru deyil.

"Jurnalist küçə sorğusu zamanı ilk olaraq özünü və hansı redaksiyanın nümayəndəsi olduğunu təqdim etməlidir. Daha sonra isə müsahibə götürmək üçün icazə almalıdır. Danışıq kifayət qədər mülayim və normal olmalıdır. Daha sonra suallarını verməlidir. Bu sorğuda görünür ki, jurnalist qarşılıqlı gərginlik yaradır. Jurnalist çöldə gəzmək olmaz sözünü o formada deyir ki, sanki heç kimə gəzmək olmaz  durumunu yaradır. Verdiyi suallar çaşdırıcıdır və düzgün deyil. Hətta ziddiyət təşkil edir. Çünki sujetin sonunda jurnalist deyir ki, Bakı və Sumqayıt ərazisində gəzmək sərbəstdir. Əgər sərbəstdirsə bu nə sualdır verirsən?", - deyə Mehman Əliyev vurğulayır.
 
Onun sözlərinə görə,  jurnalistin maska taxmamaq səbəbindən vətəndaşı qınamağa haqqı yoxdur.  "Jurnalist sual verir ki, maska niyə taxmırsız? Mən şəxsən 5-6 aptekə getmişəm maska tapa bilmirəm. Jurnalist maskanin olmadığını demir və burda yenə çaşdırıcı durum yaranır. Sanki maska var, ancaq insanlar onu taxmır. Yaxşı olar ki, jurnalist özü apteklərə girsin görsün maska var ya yox? Sujet qərəzlidir. Davranış qaydaları da pozulub”, - deyir Mehman Əliyev. 
 
"Bakı Press Klubu"nun rəhbəri Arif Əliyevin sözlərinə görə isə,   küçə sorğularında çox ehtiyatlı olmaq lazımdır. Jurnalistin o şəraitdə davranışı doğru deyil.
 
"Mən o cür jurnalistlərin davranışına olan təpkini anlayıram və xeyli dərəcədə düzgün hesab edirəm. Birincisi, jurnalistin o şiddətlə insanların üzərinə getməsi düzgün deyil. Burda adi qaydalar da pozulub. İkinci jurnalist həm tibbi qaydaları, həm də dövlət orqanlarının qoyduğu tələbləri dəqiq bilməlidir. Sualların bir qismindən görünür ki,  jurnalist heç özü bilmir nə qadağan olunur, nə tövsiyyə edilir. Üçüncüsü ,tnunla razıyam ki, bir çox hallarda müdafiə vasitələrindən istifadə etməyən insanın özünün günahıdır. Əlbəttə  bizim vətəndaşlarda o laqeydlik qeyri-ciddilik var. Bu problemdir. Amma biz görürük ki, insanlar o müdafiə vasitələrini əldə etməyə çətinlik çəkir. Elə həmin jurnalistlər özləri girib 10 aptekə çəkiliş etsinlər. Görək maska, əlçək tapa biləcəklərmi? Ona görə bu cür küçə sorğuları edəndə biraz ehtiyatla yanaşmaq lazımdır. İnsanlarla davranış qaydalarına fikir verilməlidir" - deyə o, bildirib.  

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin fikrincə isə bu cür sorğuları uğurlu adlandırmaq doğru deyil.

"Əlbəttə, niyyət yaxşıdır, amma bunu uğurlu sorğu adlandırmaq çətindir. Müxbirin soruşma tərzi və "niyə”lərdə təkid etməsi qıcıqlandırıcıdır. Ümumiyyətlə reportaj evdə qalmaq, səbəbsiz yerə küçələrə çıxmamaqla bağlı vacib mesajlar verir, lakin suallar üçün düzgün intonasiya seçilməyib. Məsələn, polis adamlara buna bənzər suallar verə bilər, amma reportyorun buradakı davranışı bir az fərqli olmalıdır. Belə nümunələr göstərir ki, reportyorlar bir az kreativ olmalı, küçə sorğularında istintaq sualları yağdırmaqdan çəkinməlidirlər”.
 
Gülnar Nazimqızı

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti