Sibirdəki mağarada aşkarlanmış insan qalıqları üzərində araşdırmalar aparan DNT mütəxəssisləri qeyri-adi insan növünün mövcud olduğunu aşkarlayıblar. Araşdırmaçılar bunun milyon illər əvvəl Avropada və Asiyada yaşamış Homo erektus olduğunu güman edirlər. Bununla yanaşı, onlar Neandertaldan sonra ən bütöv DNT ardıcıllığını tapdıqlarını bəyan ediblər.
Sibirin Denisova mağarasında aşkarlanmış tapıntılar bizim müasir insandan (Homo sapiens) əvvəl Avrasiyada yaşamış insan qrupları haqqında məlumatlarımızı daha da genişləndirəcək.
Neandertallar haqda kifayət qədər məlumat var idi, ancaq mağaradan tapılan barmaq sümüyü və dişlər üzərindəki analizlər sübut etdi ki, təxminən 40 000 il əvvəl yaşamış bu qədim insan növü neandertaldan da, müasir insandan da fərqli olub.
2010-cu ildə bu barədə məqalə nəşr ediləndə, tapıntını aşkar edən komanda bu yeni insan növünə "Denisovanlar" adını vermişdilər.
2010-cu ildə eyni mağarada Neandertalın barmaq sümüyü aşkarlanmışdı, mağaranın bu hissəsinin 10 000 - 20 000 yaşı olduğu güman edilirdi. Mağarada həmçinin müasir insanın istifadə etdiyi əmək alətlərinə də rast gəlinib. Bununla da, müxtəlif dövrlər ərzində bu mağarada 3 insan növünün sığınacaq tapdığı bildirilir.
Almaniyanın Leypsiq şəhərində yerləşən Antropoloji Təkamül üzrə Maks Plank universitetinin professoru Svante Paabo və həmkarlarının inkişaf etdirdiyi texnologiyadan istifadə edilərək, kiçik sümükdən yüksək keyfiyyətli genom ardıcıllığı əldə edilib (Modern molekulyar biologiyada və genetikada "genom" termini orqanizmin irsi informasiyasının bütövlüyünü ifadə etmək üçün istifadə edilir- tər). Misal üçün, araşdırmaçılar deyir ki, Neandertal qadın böyük ehtimalla eyni anadan gəlmə yarı-ögey qardaşların törəməsi olub.
Başqa ssenarilər də mümkündür, ola bilsin, onun valideynləri əmi və qardaşqızı, xala və bacıoğlu, nənə və nəvə və yaxud da əmizadə uşaqları olublar.
Neandertallar, Denisovanlar və müasir insan qruplarının genetik ardıcıllıqlarını müqayisə etmək imkanı, təkamülü şərtləndirən əlaqələri öyrənməkdə yeni üfüqlər açacaq.
Araşdırmanın nəticələri göstərir ki, Neandertallar və Denisovanlar bir-biriylə çox yaxın olublar və onların ümumi əcdadları müasir insanın əcdadlarından hardasa 400 000 il əvvəl ayrılıb. Genom dəlilləri Neandertallarla da Denisovanların təxminən 300 000 il öncə ayrıldığını göstərir.
Daha bir sürpriz nəticə isə ondan ibarətdir ki, Denisovanlar həmin dövrdə Avrasiyada yaşayan 4-cü müəmmalı insan qrupu ilə qarşılıqlı cinsi əlaqəyə giriblər. Denisovanların genomunun 2.7 və 5.8%-i bu mistik insan növündən gəlir. Bu qrup digərlərindən bir milyon il əvvəl ayrılıb və ola bilsin ki, o, Homo erektus kimi tanınan qədim insan növüdür. Onlar bir milyon il əvvəl Avropada və Asiyada yaşayıblar. Ancaq ispaniyalı tədqiqatçılar İspaniyanın Burqos bölgəsi yaxınlığındakı Atapuerkada tapılan 1 milyon il əvvələ aid Homo erektus kimi tanınan növü ayırd edə bilirlər və onlar da bildirirlər ki, ola bilsin, bu, başqa namizəddir.
Denisovanlar və Neandertallar yer üzündən silinəndə öz arxalarında genetik miraslarını qoyub gediblər, çünki onlar hərdənbir müasir insanla qarşılıqlı cinsi əlaqə giriblər. Tədqiqatçı qrup belə bir qiymətləndirmə irəli sürüb, müasir qeyri-afrikalıların genomlarının 1.5 və 2.1 faizi Neandertallardan qalmış ola bilər.
Denisovanlar da öz genetik izlərini müasir insanlara, ancaq yalnız Okeaniyanın və Asiyanın bəzi sakinlərinə ötürüblər.
Tədqiqatçılar bildirir ki, Avstraliya aborigenlərinin, Yeni Qvineyalılarının və bəzi Atlantik Adaları sakinlərinin genomlarının 6 faizində Denisovların izləri ola bilər.
Yeni analizlərin nəticələrinə görə, Xan çinlilərinin, bəzi yerli Asiya xalqlarının, həmçinin Yerli Amerikalıların genomlarının 2 faizi Denisovanların genindəndir.
"Araşdırma bu dövr ərzində insanların və əcdadlarının tarixinin həqiqətən də çox mürəkkəb olduğunu göstərir" , - Kaliforniya, Berkeley Universitetinin inteqrativ biologiya üzrə professoru Montqomeri Slatkin açıqlamasında bildirib: "Bu dövrdə çox sayda cütləşmələr olub və çox güman başqaları da var ki, biz hələ onları kəşf etməmişik".
Tədqiqatın bir hissəsi Prof. Slatkinin həmkarı Fernando Rasimoya məxsusdur. O, müasir insanda Neandertallardan və Denisovanlardan fərqli olan 87 spesifik gen tapıb. Araşdırmaçıların fikrincə, bu, bizim artıq çoxdan məhv olan ilkin insanlardan fərqli olan davranışlarımızı ayırd etməkdə yardımçı ola bilər.
"Elə bir gen yoxdur, biz ona işarə edək və deyək ki, bu dilə aid gendir və yaxud da müasir insanlara məxsus xüsusiyyətdir", prof. Slatkin deyib. "Ancaq biz bu gün bu siyahının sayəsində insan soyunda baş verən dəyişiklikləri öyrənə biləcəyik, ancaq bu yəqin ki, çox sürüşkən nəticələr olacaq".
Prof. Paabo bildirir ki, genlərin siyahısı "müasir insanları digər orqanizmlərdən - mövcud olan, həmçinin kökü kəsilən canlılardan - fərqləndirən genetik xüsusiyyətlər kataloqudur".
Sonda professor əlavə edib: "Mən inanıram, bunun içərisində elə bir müəmmalar gizlənib ki, onlar son 100 000 ildə insan qruplarına, insan mədəniyyəti və texnologiyasına nəhəng təsir göstəriblər".
Mənbə: "BBC" (www.bbc.co.uk/news/science-environment-25423498 )
İngilis dilindən tərcümə etdi: Cavid Ramazanlı
ANN.Az