Noyabrın 16-da internet şəbəkəsində problemin yaranmasına baxmayaraq ölkədə fəaliyyət göstərən banklar arasında hesablaşmaların fasiləsizliyi və davamlılığı təmin edilib.
Azərbaycan Mərkəzi Bankından "APA-Economics”in sorğusuna cavab olaraq belə deyilib.
"Mərkəzi Bank olaraq bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni, Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib”, - deyə məlumatda vurğulanıb.
AMB-dən bildirilib ki, bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !