Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət rabitə operatorlarının şəbəkə infrastrukturlarının icarə tariflərinin azaldılması məsələsi üzrə təklifi internet-provayderlərin gözləntilərini doğrultmayıb. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.Söhbət kabel-kanalizasiya sistemləri infrastrukturlarının, optik rabitə xətləri portlarının icarəyə verilməsindən, internet-provayderlərin rabitə operatorlarının telekommunikasiya qovşaqlarında avadanlıqlarının saxlanmasının dəyərindən gedir. Bu xidmətləri provayderlər həm dövlətdən, həm də ilkin provayderlərdən alırlar və onların əsasında öz fəaliyyətlərini təşkil edirlər və internet xidmətlərini son istifadəçilərə təqdim edirlər.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin icarə tariflərinin 20 faiz azaldılmasına dair təklifi internet xidmətləri təchizatçılarının gözləntilərini doğrultmayıb.Mənbə bildirib: "Telekommunikasiya infrastrukturu güclərinin icarəsinə hazırda qüvvədə olan tariflər kifayət qədər yüksəkdir. İnternet-provayderlər icarə dəyərinin 50 faiz azaldılacağına ümid edirdilər ki, bu da nazirliyin baxışları ilə uyğun gəlmir. İstisna edilmir ki, bu, nazirliyin büdcəsinə ayırmaların azalmasına təsir edə bilər. Bununla belə, əgər icarə dəyəri azaldılacaqsa, onda bunun son istehlakçılar üçün çıxış dəyərinin azaldılmasına gətirib çıxaracağı labüddür".İcarə dəyərinin azaldılması barədə təklif baxılmaq üçün nazirliyə Azərbaycan İnternet Cəmiyyəti tərəfindən təqdim edilib. Bu təklifin müzakirə edilməsi üçün nazirlikdə dəfələrlə görüşlər keçirilib. Həmin görüşlərdə bütün aspektlərə baxılıb və dəyişiklik edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !