İntihar edən Qarabağ qazisinə dair təfərrüatlar

13:57 | 23.05.2015
İntihar edən Qarabağ qazisinə dair təfərrüatlar

İntihar edən Qarabağ qazisinə dair təfərrüatlar

Cəlilabadda özünü yandıraraq intihar edən Qarabağ qazisi Mirtahir Mürsəlovun barəsində yayılan informasiyalara Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də münasibət bildirib.

Musavat.com-un sorğusuna cavab verən O.Mansurzadə deyib:

"Bir sıra KİV-lərdə Cəlilabad rayonunun Göytəpə  şəhər  sakini  Mirtahir  Mürsəlovun  döyülməsi və təhqir olunması ilə bağlı etdiyi müraciətlərə baxılmadığına görə özünü yandırması barədə yayılan məlumatlar, əslində, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş formada çatdırılmasına xidmət edən, ictimai rəyi məqsədli şəkildə çaşdırmağa yönəlmiş dezinformasiyalardır.

M.Mürsəlovun müraciətlərinə guya etinasız münasibət göstərilməsi barədə yaxınlarının iddialarının əsassız olduğunu göstərmək üçün təkcə bir faktı diqqətə çatdırmaq istərdim. 2014-cü il və cari ilin ötən dövründə Mirtahir Mürsəlov Cəlilabad RPŞ-yə və rayon  prokurorluğuna ən müxtəlif məsələlərlə bağlı 4 dəfə müraciət edib, bütün hallarda da həmin müraciətlər əsasında zəruri araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

İndi yaxınları tərəfindən əsassız olaraq Qarabağ müharibəsinin veteranı və 20 Yanvar hadisələrinin iştirakçısı kimi təqdim olunan Mirtahir Mürsəlov hələ sovet dönəmində ordu sıralarında qulluq edərkən hərbi xidmətdən yararsız kimi tərxis olunub. O, heç bir halda müharibə veteranı və ya 20 Yanvar hadisələrinin iştirakçısı olmayıb.

Cari il mayın 19-da axşam sərxoş halda Göytəpə PB-yə gələn M.Mürsəlov bir neçə şəxs tərəfindən döyüldüyünü iddia edib, əməkdaşlar tərəfindən bu barədə müvafiq ərizə ilə polisə müraciət etmək təklif olunsa da o, bundan imtina edib. M.Mürsəlovun ailə üzvlərinin yerli hüquq-mühafizə orqanları tərəfindən incidilməsi və təqib olunması barədə səslənmiş ittihamlar da əsassızdır.

Araşdırmalar zamanı müəyyən  edilib  ki, 1987-ci ildən indiyədək soyğunçuluğa, xuliqanlığa və digər cinayətlərə görə 6 dəfə məhkum olunmuş Mirtahir  Mürsəlovun Cinayət Məcəlləsinin anoloji maddələrilə təqsirləndirilməsinə  dair  sonuncu iş üzrə məhkəmənin  04.04.2005-ci  il  tarixli  qərarına  əsasən,  o, cinayət  məsuliyyətindən  və  cəzadan  azad  edilməklə,  barəsində tibbi  xarakterli  məcburi  müalicə  tədbiri tətbiq  edilib. Xatırladaq ki, bu şəxs 2001-ci  ildən  ruhi  əsəb  xəstəlikləri dispanserində qeydiyyatda olub". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM