Beynəlxalq mətbuatda “Apple” şirkətinin yeni İphone-unun təqdimat tarixi kimi sentyabrın 9-u hallandırılmaqdadır.
Hətta iPhone-6-nın şəkilləri də çap edilir (mətbuata sızmış şəkillər kimi).
Britaniyanın “The İndependent” və “The Telegraph” qəzetləri yeni “ağıllı telefon”un yeni funksiyaları haqda yazır:
Zərbəyə davamlı ekran. Sapfirdən hazırlanan ekranı hətta bıçaqla da deşmək mümkün deyil.
iOS-8 əməliyyat sistemi. Bu sistemi “Apple” iyunda təqdim edib. İlk olaraq iPhone-6-da istifadə edilir. Onun “Health” funksiyası telefon sahibinə öz sağlamlığı barədə məlumatları müxtəlif app-lər vasitəsilə telefona daxil etməyə imkan verir. (nəbz, xolesterin, şəkər səviyyəsi və s.) Bunları analiz edən telefon öz sahibinə tibbi məsləhətlər verir. Nəbzölçən və s. cihazları qoşmaq üçün telefonda xüsusi yuva da var. HomeKit funksiyası isə imkan verir ki, onun sahibi evdəki işıqları yerindən durmadan, evin istənilən yerindən söndürüb-yandıra bilsin. Məsələn, “Siri səs yardımçısı” vasitəsilə “Yatmaq vaxtıdı” deyəndə telefon evdəki işıqları söndürsün, yaxud qarajın qapısını məsafədən aça bilsin.
iPhone-6 daha nazikdir.
Təkmilləşdirilmiş 13 meqapiksellik kamerası var.
Displeyi daha böyükdür – 5,5 inç (təxminən 14 sm.) Amma iPhone-6 iki ölçüdə buraxılacaq - böyük və kiçik displeyli. Kiçik displey 4.7 inç (təxminən 12 sm.) olacaq və ilk olaraq məhz bu kiçik variant satışa çıxarılacaq.
Gözlənilir ki, iPhone-6 ilə birlikdə “Apple” öz yeni “ağıllı qol saatı”nı da təqdim edəcək.
Hələ ki "Apple" şirkəti mətbuatda yazılanları nə təsdiq, nə təkzib edib.
Azadliq.org