Dövlət Gömrük Komitəsi Azərbaycana «iPhone»ların gətirilməsinin qadağan olunması ilə bağlı məlumatları təkzib edib.
Komitədən fins.az-a verilən məlumata görə, ölkənin istənilən vətəndaşı 6 ayda bir dəfə dəyəri 1500 ABŞ dollarını keçməyən telefon, smartfon və planşeti xaricdən heç bir maneə olmadan gətirə bilər. «Bu zaman vətəndaş heç bir rüsum və ya vergi də ödəməməlidir» - deyə komitədən bildirilib.
Bununla yanaşı, DGK «iPhone» smartfonlarının Azərbaycana gətirilməsi qaydasını açıqlayıb. Komitədən izah edilib ki, fiziki şəxslər tərəfindən ölkəyə bu cihazların gətirilməsi prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Q A Y D A L A R I» ilə tənzimlənir. Həmin qaydalara görə, şəxsi istifadə üçün gətirilən və dəyəri 1500 ABŞ dollarını keçməyən əşyalara görə, rüsum ödənilmir.
Amma, əgər vətəndaş 6 ay ərzində iki və daha çox «iPhone» gətirərsə, o həmin cihazın məbləğinin 36%-i qədər rüsum ödəməli olacaq. Özü də bu qayda təkcə «iPhone» yox, digər şirkətlərin də istehsalı olan bütün mobil cihazlara, o cümlədən plenşetlərə də aiddir.
Xaricdən ölkəyə telefon alıb gətirən vətəndaşlar isə onun dəyərinin 1500 ABŞ dollardan artıq olmadığını subut etmək üçün həmin telefonun alındığı satış məntəqəsindən kassa qəbzi gətirməlidirlər. Beləliklə, ölkə vətəndaşları xaricdən ölkəyə telefon gətirərkən hər hansı problemlə rastlaşsalar Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Q A Y D A L A R I»nı əsas tutaraq hüquqlarını müdafiə edə bilərlər.
«2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:
2.1.1. Səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;
2.1.2. Bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;
2.1.3. Gömrük ərazisindən aparılan mallar;
2.1.4. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
2.1.5. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;
2.1.6. Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
2.1.8. Müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların
2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;
2.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);
2.1.10. 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;[1]
2.1.11. 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);
2.1.12. 125 qrama qədər nərə cinsli balıq kürüsü»
(«Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Q A Y D A L A R I»)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !