Xəbər verildiyi kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib.
APA-nın məlumatına görə, görüşdə iqtidar nümayəndələrindən - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər.
Müxalifət tərəfdən isə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub.
Ə. Həsənov giriş nitqi ilə çıxış edib.
Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Əli Həsənov: "Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu”
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün müxalifət partiyalarından bir qrupunun rəhbəri ilə keçirdiyi dialoqun nəticələrini açıqlayıb.
APA-nın məlumatına görə, Ə. Həsənov bildirib ki, görüşdə 17 müxalif partiyası təmsil olunub. Onun sözlərinə görə, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: "Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq".
Şöbə müdiri qeyd edib ki, bugünkü görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub: "Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə nəticələri çatdıracağıq”.
Ə. Həsənov onu da qeyd edib ki, müxalif partiyaların hamısı dialoqda iştirak etməyib. Onun sözlərinə görə, görüş bugünkü tədbirdə iştirak edən 17 partiyadan 8-nin təşəbbüsü ilə keçirilib.
PA rəsmisi bildirib ki, gələcəkdə bütün siyasi partiyaların bu görüşlərə dəvət olunması ilə bağlı da müzakirə aparılıb.
"Qaldırdığımız məsələlər qeydə alındı, nəticə gözləyirik"
«Görüşdə bütün məsələlər müzakirə olundu. Görüşdə əsasən siyasi məhbuslar, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi və digər məsələlər müzakirə olundu. Ən əsası isə görüşün davamlı və əhatəli olması qənaətinə gəldik. Qaldırdığımız məsələlər qeydə alındı, nəticəsini gözləyirik».
APA-nın məlumatına görə, bunu bu gün keçirilən iqtidar-müxalifət görüşündə iştirak etmiş Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
Qaldırılan məsələlərin qiymətləndiriləcəyinə və nəticəsinin olacağına ümid etdiklərini qeyd edən M. Mirəlioğlu bu görüşün bütün problemlərə, bütün məsələlərə müsbət təsirinin gözlənildiyini vurğulayıb.
M. Mirəlioğlu Müsavat Partiyası və AXCP-nin görüşdə iştirak etməməsinə münasibət bildirib.
O qeyd edib ki, görüşlə bağlı məsələni Demokratiya və İnsan Haqları Mərkəzində 11 partiya müzakirə edib: «Müsavat Partiyası da əvvəldən axıradək bu müzakirələrdə iştirak edib. Maraqlısı budur ki, müzakirədə iştirak edən şəxs məsələyə cavab vermir, ancaq hansısa funksionerdən soruşurlar ki, Müsavat burada iştirak edəcək, ya yox. AXCP-nin isə bu məsələdə hansı mövqedə dayandığı bəllidir».
ADP sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında görüşdə razı qaldıqlarını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !