İqtisadçı ekspert: “Manata hələ təhlükə yoxdur”

13:30 | 17.12.2014
İqtisadçı ekspert: “Manata hələ təhlükə yoxdur”

İqtisadçı ekspert: “Manata hələ təhlükə yoxdur”

Dünya bazarında neftin ucuzlaşması bəzi ölkələrdə milli valyutaları dəyərdən salır. İqtisadçı alim Qubad İbadoğlu "Media forum”a deyib ki, Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatlıq yaradır:

"Bunun başlıca səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmasıdır. Yəni məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlayır, daimi olaraq valyuta bazarına müdaxilə edir. Statistik məlumatlara görə, Mərkəzi Bank 2010-cu ildə 1 milyard 385 milyon, 2011-ci ildə 4 milyard 153 milyon, 2012-ci ildə 1 milyard 584 milyon, 2013-cü ildə 2 milyard 457 milyon, 2014-cü ilin 9 ayında isə 1milyard 204 milyon dollar məbləğində alış həyata keçirib.

Hazırda və yaxın gələcəkdə nə baş verə bilər? Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması riski ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, tədiyyə balansının kəsiri şəraitində fəallaşa bilər. Son statistik məlumatlara görə, xam neftin dünya bazarında ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Mərkəzi Bank isə məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda xarici valyuta alır. Odur ki, yaxın gələcəkdə təzyiqlər artsa da, manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır”.

PUL DƏYİŞMƏ MƏNTƏQƏLƏRİNDƏ AJİOTAJ

"Bizim Yol” qəzeti yazır ki, iki gündür bir sıra valyuta dəyişmə məntəqələrində ajiotaj yaranıb. Sosial mediada satışda dolların yığışdırılması haqda məlumatların yer alması vəziyyətin gərginliyindən xəbər verir. Sözügedən məntəqələrdə dollar qıtlığının yaranması haqda söz-söhbətlər isə onun dəyərinin bahalaşdırılmasına səbəb olub. Dünən bir sıra valyuta dəyişmə məntəqələrində 1 dolların satışı 79 qəpiyə təklif edilib. Alıcılara bunun səbəbini ABŞ valyutasının çatışmazlığı ilə izah ediblər. Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnənin dəyişmədiyini bəyan edir. Banklar isə dollar qıtlığının yaranması haqda iddianın yersiz olduğunu göstərirlər. Belə olan halda, manatın ucuzlaşması ətrafında spekulyasiyada kimin maraqlı olması sual doğurur. Ekspertlərin ehtimallarına görə, qıtlığın yaranmasının əsas səbəblərindən biri Rusiya maliyyə bazarında baş verən hadisələrlə əlaqədar Azərbaycanda dollar alışının yüksəlməsidir.

İqtisadçı-ekspert Samir Əliyev "Bizim Yol"a bildirdi ki, hələ ki, manatın dollara nisbətən kursunun yumşaldılmasına heç bir əsas yoxdur:

"Mərkəzi Bank müxtəlif vasitələrlə bunun qarşısını alır. Bunun üçün resursları da kifayət qədərdir. Ayrı-ayrı valyuta dəyişmə məntəqələrində dolların bahalaşması Rusiyada baş verən hadisələrin psixoloji təsiridir. Adi vətəndaşlar düşünür ki, rubl ucuzlaşırsa, manatı da eyni aqibət gözləyə bilər. Neft ixrac edən ölkələrdə, məsələn, Rusiya və Qazaxıstanda milli valyutaların ucuzlaşması müşahidə edilir. Ona görə də bir ajiotaj yaranıb ki, neft ölkələrində bu baş verirsə, deməli, Azərbaycanda da ola bilər. Mərkəzi Bank bunun qarşısını maksimum dərəcədə almağa çalışacaq. Bu ilin sonuna kimi manatın bahalaşması müşahidə edilməyəcək. Gələn ilin ortalarına qədər elə də ciddi bir problem gözlənilmir".

Lakin ekspert gələn ilin ikinci yarısından etibarən manatın dollara nisbətdə ucuzlaşmasının müşahidə ediləcəyini istisna etmir:

"Hər bir halda bu, neftin qiymətinin hansı həddə qədər düşməsindən asılı olacaq. İndi neftin 1 barelinin 60 dollar səviyyəsində olması Azərbaycan üçün əlverişli deyil. Hətta 40 dollara qədər ucuzlaşacağı ilə bağlı proqnozlar səslənir. Neftin dəyəri bu və ya bundan aşağı həddə olarsa, manata qarşı təzyiqlər artacaq. Eyni zamanda büdcənin icrasında da problemlər yarana bilər. "Qara qızıl"ın qiymətindəki enmələr Neft Fondunda da kəsir yaradacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM