2023-cü il hansı hadisələrlə yadda qalıb? - İCMAL

08:57 | 29.12.2023
2023-cü il hansı hadisələrlə yadda qalıb? - İCMAL

2023-cü il hansı hadisələrlə yadda qalıb? - İCMAL

2023-ci ildə Azərbaycanın iqtisadi həyatında bir çox yadda qalan hadisələr baş verib. Ölkə ərazisində iki bank bağlanıb, bir sıra sazişlər, müqavilələr imzalanıb. 
 
2023-cü ilin ən yaddda qalan hadisələrindən biri 2 bankın bağlanması olub. 
 
Belə ki, mayın 18-də "Günay Bank” ASC  Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 saylı qərarı ilə müflis elan edilib, barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. Mayın 25-i ləğv prosesində olan "Günay Bank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına başlanılıb. Kompensasiyaların ödənilməsinin iyunun 19-dan başlanacağı qeyd edilib.
 
Bununla yanaşı Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə "Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-da məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Daha sonra oktyabrın 24-də "Muğan Bank” ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2-3(103)-54/2023 saylı qərarı ilə müflis elan edilib, barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Muğan Bank” ASC kompensasiyaların ödənilməsinə noyabrın 27-dən başlayıb.

Eyni zamanda mayın 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının ("Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, "Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.

Bununla yanaşı aprelin 26 "Rabitəbank” ASC-nə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi səbəbindən cərimə yazılıb. Bank barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub. Protokolun təsdiqindən sonra onun 350 manatdan 500 manat qədər cərimə olunacağı bildirilib.
 
Daha sonra, mayın 18-i Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycan Respublikasının maliyyə nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.
 
Bankların bağlanması ilə yanaşı Avqustun 30 Gilan Holdingin adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.
 
"Gilan Holding”in adı bu ilin iyulunda dəyişdirilərək "Xəzri Solutions” adlandırılıb. Şirkətə Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
 
İqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində imzalanmış saziş və müqavilələr
 
2023-cü il Azərbaycan qazının Avropaya ixrac edilməsi, eyni zamanda xarici dövlətlər ilə energetika sahəsində əlaqələrin möhkəmlənməsi istiqamətində müxtəlif sazişlərə imza atılıb. 

Bunlardan biri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Birləşmiş Ərəb Əmirliyinin Masdar şirkəti Əbu-Dabidə yaşıl enerji sahəsində layihələrin birgə işlənib hazırlanmasına dair yanvarın 16-da SOCAR və Masdar arasında 2 QVt gücündə dəniz külək və hidrogen layihələrinin birgə işlənməsi haqqında saziş, o cümlədən gücü 1 QVt olan günəş fotoelektrik layihələrinin və quruda gücə malik külək stansiyalarının birgə işlənməsi haqqında sazişdir. 
 
Eyni zamanda Azərbaycan qazının ildə 2023-2024-cü illərdə 1 milyard kubmetr həcmdə Ruminyata ixracı barədə fevralın 2-də Azərbaycan və Rumıniya arasında razılıq sazişi bağlanıb. Bu saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və Romgaz S.A. arasında imzalanan sənədlərin davamı hesab olunur. Bununla yanaşı martın 30-u Macaristan xarici işlər naziri aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırığını deyib və bununlada Azərbaycandan 1-2 milyard kubmetr qaz alacağ.
 
İmzalanmış müqavilələrdən biri  İtaliyanın elektrik enerjisi sənayesi üzrə xidmət təminatçısı olan Ansaldo Energia və Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı Azərenerji arasındadır. Bu müqavilə fevralın 13-də Bakıda imzalanıb.

Martın 11-də Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanacağını deyib. Daha sonra, aprelin 5-i Qazaxıstan istehsalçılarının ticarət- iqtisadi missiyası çərçivəsində Bakıda Azərbaycan ilə Qazaxıstan arasında Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutan bir sıra sazişlər imzalanıb.
 
Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR dövlət şirkətləri Avropaya qaz satmaq üçün aprelin 8-i birgə şirkət yaradıblar. Beləliklə Azərbaycan Türkiyənin bölgədə qaz ixracatı mərkəzinə çevrilməsini dəstəkləyib. Bununla yanaşı Bolqarıstanın tənzimləyici qurumu SOCAR Tradingin Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün aprelin 25-i lisenziyası təsdiqlənib.
 
Azərbaycan İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə-Azərbaycan Sahibkarlar və Sənayeçilər İctimai Birliyi (TUİB) 2024-cü il üçün dekabrın 21-i Fəaliyyət Planı imzalayıb. Bu sənəd Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin və investisiyaların artırılması üçün birgə layihələri təşviq etmək, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını və davamlı inkişafı dəstəkləmək məqsədi daşıyır. Bundan başqa, "DO-DEM” MMC ilə Türkiyənin "Multipak Ambalaj” şirkəti arasında Azərbaycanda ətraf mühitə zərər verməyən və qida baxımından təhlükəsiz olan kağız əsaslı qabların istehsalı üçün zavodun tikintisinə dair müqavilə imzalanıb. Daha sonra isə, Diplomat LTD və Doğru Holding şirkətləri arasında Azərbaycanda yeni otelin tikintisi ilə bağlı müqavilə imzalanıb.
 
Bu il Səudiyyə Ərəbistanı ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb, mayın 24-ü də isə Əməkdaşlıq Sazişi imzalanıb.
 
Bundan başqa, Energetika Nazirliyi və "TotalEnergies Renewables SAS” şirkəti arasında iyunun 3-də "250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bundan başqa, nazirlik və "Nobel Energy Management” MMC arasında "Naxçıvan MR-da 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, eyni zamanda Azərbaycan ərazisində bərpa olunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və digər məsələləri nəzərdə tutan Dövlət Neft Şirkəti (SOCAR) və "China Energy International Group Co.Ltd” şirkəti arasında Əməkdaşlığa dair Saziş imzalanıb.
 
2023-cü il noyabrın 14-ü Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənildiyi açıqlanıb. Bunlar, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin SOCAR və "Srbijagas” şirkəti arasında qaz satışı müqaviləsidir. Bu müqavilələr noyabrın 15-i imzalanıb. Beləliklə Serbiyaya ildə 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı səkkizə çatacaq.
 
Azərbaycanda ilk, lakin Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Onun açılışı və təməlqoyma mərasimi oktyabrın 23-nə təsadüf edib. Bu parkın ərazisində elektrik avtobuslarının istehsalı üzrə zavodun tikintisini nəzərdə tutan memorandum dekabrın 11-i "Azərbaycan İnvestisiya Şirkəti” ASC, Çinin "BYD Company Limited” şirkəti və "Electrify Azerbaijan” şirkəti (SARDA Group-un bir hissəsi) arasımda imzalanıb. Anlaşma memorandumu sayəsində zavodun ildə 150-200 elektrobus istehsal edəcəyi, bunun da "daxili tələbatı ödəyəcəyi və ölkənin ixrac potensialını artıracağı söylənilib. 
  
Eyni zamanda iyunun 19-da İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişləndiyi açıqlanıb. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib
 
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Türkiyə Respublikasındakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçilər Birliyi (MESS) arasında aprelin 25-i imzalanmış Anlaşma Memorandumunda müəyyənləşdirilmiş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində dövlət qurumlarında və özəl müəssisələrdə "Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsinin tətbiqinə start verilib. Bu qiymətləndirmə metodunun "SOCAR Polymer” şirkətində tətbiqi ilə bağlı 4SİM və bu şirkət arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Ölkəmizdə ilk olaraq tətbiq olunacaq bu xidmət çərçivəsində "SOCAR Polymer” şirkətinin istehsalat və biznes proseslərinin, eləcə də müxtəlif məlumatların təhlili aparılacaq, şirkətin rəqəmsal hazırlıq və Sənaye 4.0 üzrə mövcud vəziyyətinə dair hesabat, eləcə də smart transformasiya sahəsində növbəti 2-3 il ərzində inkişaf üzrə yol xəritəsi hazırlanacaq.

Uçot dərəcəsi ilə bağlı qərarlar

İlin əvvvəli, fevralın 2-də Mərkəzi Bank uçot dərəcəsini 8,25%-dən 8,5%-ə kimi  artırsa da dekabrın 20-i onu azaldaraq 8 %-ə endirib.
 
Mərkəzi Bankın bildirdiyinə görə, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM