Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib. Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələri mövcuddur: "Mənim səfərim bizim əməkdaşlığı davam etdirməyimizin nümayişi oldu".Qaribaşvili qeyd edib ki, "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir, çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişə bilər.Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, baş nazir bildirib ki, təxminən beş il ərzində 600 milyon dollaradək həcmdə investisiyalar planlaşdırılır, iki mindən üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaq ki, bunun beş faizi Gürcüstanda qalacaq.Onun sözlərinə görə, müvafiq olaraq bu, Gürcüstanın öz dəhlizini daha səmərəli mənimsəməsinə doğru daha bir addımdır və ən başlıcası, bu, region üçün böyük əhəmiyyət kəsb edəcək.İ.Qaribaşvili iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidini ifadə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !