Bunu ANS PRESS-ə açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, İranın ən böyük yatağı olan Cənubi Pars dənizində olduğu üçün burada qaz çıxarmaq üçün infrastrukturun yaradılması və hasil edilən qazın bazara çıxarılması 6-7 il vaxt aparacaq.
"Amma istənilən halda, bütün bu işlər 2023-2025-ci illəri əhatə edəcək. Yalnız bundan sonra İran Avropaya, Cənub-Şərqi Asiyaya kifayət qədər qaz ixrac edə bilər”, - deyə İlham Şaban bildirib.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban həmçinin qeyd edib ki, İranın hal-hazırda əsas məqsədi yaxın 5 ildə qaz hasilatnı minimum hədd olaraq 220 milyard kub metrə çatdırmaqdır.
"İndiki dövrdə İran 165 milyard kub metr qaz hasil edir. Lakin qonşu ölkənin hədəfi qaz hasilatını artırmaqdır. Hətta İran 220 milyard kub metr qaz hasil edəndən sonra bu rəqəmi də təxminən iki dəfə artırmaq niyyətindədir. Yekun olaraq İran gündəlik qaz hasilatını 1 milyard kub metrə çatdırmaq istəyir”, - deyən İlham Şaban hər bir halda İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin Azərbaycana heç bir təsir etməyəcəyini qeyd edib.
İran dünyanın ikinci ən böyük qaz yatağına və kifayət qədər neft ehtiyatına malikdir. Lakin nüvə proqramının inkişaf etdirilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar və ölkələrin İrana qarşı tətbiq etdiyi sanksiyalar ölkədə neft və qaz istehsalına mənfi təsir göstərib. Belə ki, 2011-ci ilin yanvarında İranda gündəlik neft istehsalı 4,2 milyon barrel olduğu halda 2012-ci ilin yanvar ayında həmin göstərici 4 milyon barrelə düşmüşdü. Məhz həmin dövrdə ABŞ iranın Mərkəzi bankına qarşı sanksiyalar tətbiq edib. 2013-cü ilin sentyabr ayında Avropa Birliyi İranın neft sektorunun müxtəlif sahələrinə qadağa və sanksiyalar tətbiq edəndən sonra ölkənin neft istehsalı 3,2 milyon barrelə qədər düşüb.
Lakin bu yaxınlarda İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın ("altılıq") apardığı nüvə müzakirələrdə razılıq əldə olunub. Beləliklə, İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !