İran Azərbaycanda yeni avtomobil istehsalı zavodu açmaq istəyir.
İranın ən böyük avtomobil istehsalı şirkəti "İran Khodro" (IKCO) hazırda Azərbaycana avtomobil ixrac edir. Bununla yanaşı, şirkət eyni zamanda, Azərbaycanda avtomobillərin yığılmasının təşkili (Complete Knock Down) zavodunu da açmaq niyyətindədir. Bu barədə "İran Khodro"nun direktoru Haşım Yeke Zare Trend-ə verdiyi açıqlamasında deyib.
O bildirib ki, hazırda Azərbaycanın iş adamları ilə bu istiqamətdə müzakirələr aparılır və ölkənin aiddiyatı orqanlarından zavodun tikilməsi ilə bağlı lizensiya almağa çalışırıq: "Zavod azərbaycanli iş adamının sərmayəsi ilə tikiləcək və birinci mərhələdə ölkədə avtomobillərin yığılmasının təşkili həyata keçiriləcək".
Şirkət rəhbərinin sözlərinə görə, lizensiya veriləndən 2 il sonra "İran Khodro" Azərbaycanda avtomobil istehsalına başlayacaq: "Şirkət üçün əsas prioritet Azərbaycanda keyfiyyətli avtomobillər istehsal etməkdir".
Y.Zare bildirib ki, Azərbaycanda yeni tikiləcək zavodda ildə 10 min avtomobil istehsal olunması planlaşdırılıb, avtomobillərin bir qismi isə ixrac olunacaq.
"İran Khodro"nun rəhbəri sonra əlavə edib ki, cari ildə Azərbaycana 2 min avtomobil ixrac etməyi planlaşdırmışıq.
"İran Khodro" keçən il 360 minə yaxın avtomobil istehsal edib, bu il isə 600 min avtomobilin istehsalı planlaşdırılır.
İranda 2014-cü ildə 1,090,846 maşın istehsal olunub, ancaq 2025-ci ilədək bu rəqəmin 3 milyona çatması planlaşdırılıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 17,640 ədəd avtomobil idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% azdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !