İran Ermənistana qaz ixracını iki dəfə artırıb

17:32 | 03.11.2022
İran Ermənistana qaz ixracını iki dəfə artırıb

İran Ermənistana qaz ixracını iki dəfə artırıb

İran və Ermənistan İran qazının  Ermənistana ixracını iki dəfə artırmaq və qaz ticarəti sazişini 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəliblər.

Bu razılaşma Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı əldə edilib.  Anlaşma Memorandumu noyabrın 1-də İranın neft və qaz sənayesi nazirinin müavini və İran Milli Qaz Şirkətinin (NIGC) direktoru Məcid Çegeni və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan tərəfindən imzalanıb.

Hazırda Ermənistan İrandan ildə təxminən 365 milyon kubmetr təbii qaz idxal edir. 

"İndi biz Ermənistana hər gün bir milyon kubmetr qaz ixrac edirik, yeni memorandum əsasında bu rəqəm iki dəfə artırılacaq”, - Çegeni bildirib.

İki ölkə arasında enerji ticarəti 2006-cı il qaz-elektrik barter sazişinə əsasən aparılır. İrandan gələn qazın hər kubmetrinə görə Ermənistan  üç kilovat-saat elektrik enerjisi verir. 

Bu müqavilənin genişləndirilməsi bir müddətdir ki, hazırlanırdı. Qaz idxalının artması Ermənistanda elektrik enerjisinin istehsal gücünün artması hesabına mümkün olub. Bunu iqtisadçı ekspert Suren Parsyan Eurasianet.org-a bildirib. 

2021-ci ildə İtaliyanın Renco şirkəti tərəfindən tikilmiş yeni istilik elektrik stansiyası istifadəyə verilib.

İrandan idxalın artmasını nəzərə alsaq belə, Rusiya Ermənistanın əsas qaz tədarükçüsü olaraq qalacaq. Ermənistan hər min kubmetrini 165 dollardan iki milyard kubmetrdən çox Rusiya qazı alır. 2019-cu ildə Rusiya qazının qiyməti min kubmetr üçün 15 dollar artıb və o vaxtdan bəri dəyişməyib.

Tariflər dollara bağlı olsa da Ermənistan artıq apreldən Rusiya qazının haqqını rublla ödəməyə başlayıb. Qlobal təbii qaz bazarlarında baş verən qarışıqlıqlar, Rusiyanın bir çox avropalı alıcılarla əməkdaşlıqdan imtina etməsi və nəzarətsiz qiymət valotilliyi Ermənistana satılan Rusiya qazının tariflərinə təsir etməyib. 2021-ci ildə Ermənistan qaza görə Rusiyaya 414 milyon dollar ödəyib.

"Rusiya qazı hələ də İran qazından daha ucuzdur. Problem ondadır ki, Rusiya bunun üçün pul almaq istəyir, İran isə elektrik enerjisi ilə ödəməyimizə razıdır”, -  Parsyan deyib.

Gələcəkdə İran-Ermənistan enerji ticarətinin daha da genişləndirilməsi nəzərdə tutula bilər.

Hazırda İrana elektrik enerjisi iki ötürmə xətti ilə verilir, lakin uzun müddətdir gecikən üçüncü yüksək gərginlikli elektrik ötürücü xəttinin  2023-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir.

Mayda ərazi idarəetmə və infrastruktur nazirinin müavini Azadlıq Radiosuna deyib ki, "Ermənistanı İranla birləşdirən üçüncü elektrik ötürücü xəttinin uzun sürən tikintisi başa çatdıqdan sonra ölkə 1,8 milyard kubmetrə qədər İran qazını idxal edə biləcək".

İrandan qaz idxalının həcminin artırılması çoxdan hazırlansa da, geosiyasi baxımdan çox əlverişli məqama təsadüf edir.

Ermənistan Moskvanı onlara kömək etməməkdə ittiham edəndən sonra Rusiya ilə münasibətlər gərginləşib. Öz növbəsində Rusiya Azərbaycanla münaqişəyə daha çox tənqidi yanaşır və Ermənistanın hazırkı rəhbərliyinə hücumlarını gücləndirir.

Bu arada İran Ermənistanın daha yaxın tərəfdaşına çevrilir. O, Azərbaycanı Ermənistan ərazisinin istənilən hissəsinə nəzarətin yaradılması cəhdlərinə qarşı müntəzəm olaraq xəbərdarlıq edir. Oktyabrda İran cənubundakı Kafan şəhərində konsulluq açıb və  bununla da bölgədə mövcudluğunu faktiki tanıtmaq istəyib. 

Tehranda Paşinyan və İran prezidenti İbrahim Rəisi ikitərəfli münasibətlərin bir çox aspektləri ilə bağlı fikir  mübadiləsi aparıb. Raisi qeyd edib ki, 2022-ci ildə iki ölkə arasında ticarətin həcmi əvvəlki ilə nisbətən 43 faiz artıb, tərəflər onun ümumi illik həcmini 3 milyard dollara çatdırmağı hədəfləyiblər. 

"Biz bu məqsədə mütləq nail olacağıq.  2022-ci ilin yanvar-avqustunda ikitərəfli ticarət dövriyyəsi 427 milyon dollar təşkil ebib",  -  Rəisi deyib.

Paşinyan Tehranda deyib ki, enerji, kənd təsərrüfatı və yol tikintisi kimi sahələrdə daha sıx Ermənistan-İran əməkdaşlığı "böyük potensiala malikdir”.

Sanosyan bildirib ki, o, İran şirkətlərini Sünik bölgəsində yol tikintisi layihəsində iştirak etməyə çağırıb və iranlı həmkarları ilə İran sərhədinə gedən yolda dağ keçidinin altında 4 kilometrlik tunel tikmək planlarını müzakirə edib. Hazırkı yol 2500 metr hündürlükdəki aşırımdan keçir ki, bu aşırım qışda əlverişsiz hava şəraiti səbəbindən tez-tez bağlanır.

Paşinyan oktyabrın 30-da Soçidə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdükdən dərhal sonra Tehrana gedib.

"Bizim iranlı tərəfdaşlarımızı Ermənistan-Azərbaycan münasibətləri, Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində baş verənlər barədə məlumatlandırmaq vacibdir”, - Paşinyan İran prezidenti ilə birgə mətbuat konfransında deyib.

Öz növbəsində Raisi "xarici qüvvələr” Qafqazın işlərinə qarışmamalıdır deyə  xəbərdarlıq edərək  Qərbi nəzərdə tutub.

"Qafqaz regionu İran tarixinin, sivilizasiyasının və mədəniyyətinin bir hissəsidir və biz Qafqaz regionuna biganə deyilik. Onun sözlərinə görə, İran üçün Qafqaz regionunda təhlükəsizlik və sülh vacibdir. "Xarici qüvvələrin mövcudluğu... regional problemləri daha da gərginləşdirə bilər”, Rəisi deyib. 

Ani Mejlumyan
Tərcümə: N.Təbrizli




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb