İran mövzusunda Rusiya ABŞ arasında GƏRGİNLİK

20:22 | 16.05.2019
İran mövzusunda da Vaşiqntonla Moskva arasında razılaşma mümkün deyil.
"Atlas” Araşdırmalar Mərkəzi ABŞ-ın dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərinin İran məsələsinə təsirlərini təhlil edib. Təhlildə qeyd edilib ki, Rusiya Amerikanın İrana qarşı sanksiya siyasətini qəbul etmir:
"Rusiya prezidenti Vladimir Putin son çıxışında Amerika ilə yanaşı İranı da tənqid etdi. Putinin Rusiyanın hər zaman İranı müdafiə edə bilməyəcəyini qeyd etməsi təsadüfi deyil. Putin hətta belə bir ifadə də işlətdi: "Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın”. Putin haradasa haqlıdır. Suriyada təhlükə yaranır, Bəşər Əsəd rejimi Rusiyanı köməyə çağırır, Venesuellada çevrilişə cəhd olunur, prezident Nikolas Maduro Rusiyanı köməyə çağırır, indi də Tehran Rusiyadan dəstək istəyir. Putin də demək istəyir ki, Rusiya hər yerdə ABŞ və digər ölkələrlə toqquşmaqdan yorulub. Çünki bu halda həm Rusiyaya qarşı sanksiyalar sərtləşir, həm də Rusiya enerjisini və pulunu kənarda xərcləmək məcburiyyətində qalır. Halbuki Rusiyanın enerjisini və pulunu daxildə xərclənməsinə və dərin iqtisadi və sosial problemlərini həll etməsinə ehtiyac var”.
Təhlildə vurğulanıb ki, İranın nüvə anlaşmasından çıxmaması Avropa ilə yanaşı Rusiyanı da narahat edir:
"Çünki İranla nüvə anlaşmasına Amerika ilə yanaşı Avropa dövlətləri və Rusiya da imza atmışdılar. Buna baxmayaraq, ABŞ-ın İranı vurması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Kreml heç zaman İranın vurulması üçün Amerika ilə açıq və ya gizli razılaşmaya getməz. Vaxtilə Rusiya Bəşər Əsədə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyişikliyi Amerikanın istədiyi şəkildə baş verməsin”.
Təhlildə bildirilib ki, ABŞ-la Rusiyanın maraqları fərqlidir:
"İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir. İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edin ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi Pəhləvi sülaləsi Amerikanın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda Amerikaya müttəfiq dövlətin formalaşmasına razılaşmaz”.
Xatırladaq ki, bəzi politoloqlar ABŞ Dövlət katibi Mayk Pompeonun Rusiya səfərindən sonra İran məsələsində Vaşinqtonla Moskva arasında razılıq əldə edildiyini bildirirdilər.

www.anews.az
loading...