İranın Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində 8 nəfər ölüb, 45 nəfər yaralanıb
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Borozcan şəhərinə təsadüf edib. 5.7 bal gücündə olan zəlzələ noyabrın 28-də Bakı vaxtı ilə saat 17:51-də (Tehran vaxtı ilə 17:21-də) yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Borozcandan 15 km, Tang eramdan 22 km və Vəhdətiyədən 25 km uzaqlıqda baş verib.
İSNA-nın məlumatına görə, dağıntı və tələfat var. Belə ki, zəlzələ nəticəsində 8 nəfər ölüb, 45 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var. Borozcan, Abpəxş, Səədabad və bir neçə kənd təbii fəlakətdən ziyan çəkib, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda Dəştestan və Borazcan şəhərlərində elektrik enerjisi kəsilib, kommunikasiya xətləri, rabitə və digər infrastruktura ziyan dəyib. Hazırda Buşəhr şəhərində fövqəladə vəziyyətin idarə edilməsi üçün böhran mərkəzi yaradılıb.
23:50
***
Trend IRINN kanalına istinadən xəbər verir ki, Buşəhr vilayətinin başçısı Firudin Həsənvənd zəlzələ nəticəsində 8 nəfər həlak olduğunu, yaralıların sayının isə 60 nəfərə çatdığını deyib: "Onlardan 3 nəfərinin vəziyyəti olduqca ağırdır. İndiyədək 130 nəfər ambulator müayinə olunub".
O bildirib ki, evləri dağılmış və zəlzələdən ziyan görmüş vətəndaşların müvəqqəti yerləşdirilməsi üçün idman komplekslərində şərait yaradılır və əhaliyə çadırlar paylanır. Xilasetmə işləri səhərə kimi davam edəcək.
ANN.Az