Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan kiçik giziri Alimov Fərid Elçin oğlunun cənazəsi Quba rayonunun Yeni Güləzi kəndində ailəsinin yaşadığı evə gətirilib.
"Report”un Şimal bürosunun xəbərinə görə, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə F.Alimovun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Yeni Güləzi kəndindəki qəbiristanlıqda dəfn olunacaq.
F. Alimov evli idi, bir azyaşlı qızı yadigar qalıb.
Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd pozucuları sərhəd naryadının "Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !