Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanların əksəriyyəti indi oradan qaçmağa çalışır.
Anews.az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, həmin insanlar ora aldanıb-getdiklərini başa düşüblər: "Aldanıb-gediblər və orada tamam başqa mühitə düşüblər. Sonradan səhv etdiklərini, aldandıqlarını anlayıblar. Ona görə də oradan qaçmağa, ölkəyə dönməyə çalşırlar. Təbiidir ki, onlar ölkəyə qayıdanda, məsuliyyətə cəlb olunurlar. Bir çoxlarının isə vətəndaşlığı ləğv olunub. Buna görə də oradan qaçıb, Azərbaycana yox, digər ölkələrə üz tutur və həmin ərazilərdə gizlənirlər.
Lakin onlar digər ölkələrdə olsalar da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyənləşdirilib, ölkəyə gətirilməsi ilə məşğuldur. Yəni, Azərbaycandan gedib qanunsuz silahlı birləşmələrə qoşulanların hər birinin məsuliyyəti var və ona görə də onlar qanun qarşısında cavab verəcəklər”.
Komitə sədrinin müavini bildirib ki, son dövrlərdə xaricdə qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün Azərbaycandan gediş qeydə alınmayıb, əksinə, oradan dönüş prosesi başlayıb: "İraqda azərbaycanlı uşaqlar qalıb, onlar orada uşaq evlərinə verilib. Azərbaycanın müvafiq qurumları İraq hökuməti ilə danışıqlar aparır. Uşaq evlərindəki bizim uşaqları müəyyənləşdirib, ölkəyə gətirilməsi prosesinə başlanılıb. Bir uşaq artıq gətirilib, digərləri ilə bağlı müəyyənləşmələr var və onların ölkəyə gətirilməsi üçün iş gedir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !