Dekabrın 21-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təçkilatçılığı ilə "Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin hazırladığı "İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı keçirilib.
"Fairmont Baku” otelində keçirilən tədbirdə Millət vəkilləri, siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib.
ANN.Az xəbər verir ki, film Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqəti ermənilərin uzun illər ərzində gizlətməyə çalışması haqqında çəkilib.
Tədbirdə Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digərləri çıxış edib.
Yaqub Mahmudov bildirib ki, biz həm hərbi, həm də informasiya cəhətdən müharibə şəraitindəyik. Müharibə şəraitində isə hər zaman hücumda olmaq lazımdır. Bu kimi sənədli filmlər ərsəyə gətirməklə həm səsimizi dünya ölkələrinə çatdırarıq, həm də informasiya mübadiləsində hər zaman öndə olarıq.
Nurəddin Mehdiyev çıxış edərək "Virtual Qarabag" İnformasiya və Kommunikasiya Texnologiyalari Mərkəzinin bu günə qədər hazırladığı materiallardan danışıb, həmçinin, sözügedən filmin ideyasının necə formalaşması bağlı danışıb. Ermənilərin Romada çəkdiyi və 6 dilə tərcümə edilən "Qədim paytaxt" filmində saxta həqiqətlərdən bəhs edilir. Biz də qərara gəldik ki, bir materialımızı da buna həsr edək. Azərbaycanda ilk dəfə müasir qərb standartlarına uyğun çəkilən bir filmdir və tarixi həqiqətləri hərtərəfli ortaya çıxarır.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qədim İrəvanın tarixi ilə bağlı məlumatlar daha təkmil açıqçalar formasında çap olunmalı, bukletləşdirilməli və turistik məkanlarda istifadə olunmalıdır:
"Bu filmin qısa flaşkartlarda yayılmasının təmin etməliyik. Xarici ölkələrə gedən hər kəs bunun yayımında iştirak etməlidir. Bununla tarixi həqiqətləri ictimaiyyətə çatdıra bilərik".
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, filmin çəkilməsində arxiv və elmi tədqiqat materiallarından istifadə olunub.
Şəbnəm Cavadzadə
Fotolar: Dilavər Nəcəfov
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !