İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında qəbul edib - Zaxarova

12:45 | 03.04.2024
İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında qəbul edib - Zaxarova

İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında qəbul edib - Zaxarova

İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova " Zvezda” telekanalının "Bu arada” verilişinin efirində bildirib.

"Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. "Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalanda ittiham edirəm”, - Zaxarova bildirib.

Politoloq Asif Nərimanlı hesab edir ki, bu açıqlamalar Ermənistan və Rusiya arasında olan qarşıdurmanın tərkib hissəsidir.


"Bu məsələni başqa formada Putin də, Lavrov da dilə gətirib. Moskvadan Qarabağlı verilən bu cür açıqlamalar Rusiya və Ermənistan arasındakı ritorik qarşıdurmanın tərkib hissəsidir. Burada Qarabağı motiv kimi seçmələri də təəccüblü deyil. Rusiya həm də Qarabağ məsələsi ilə Ermənistana qarşı siyasi müxalifəti birləşdirmək, daxili müqaviməti formalaşdırmağa çalışır. Bunun əksinə Qarabağda Azərbaycan antiterror əməliyyatı keçirdikdən sonra Ermənistan tərəfi bu məsələdə Rusiyanı günahlandırmağa başladı və sülhməramlıların erməniləri qorumadığını dilə gətirdi.  Buna da qarşı olaraq Rusiya bildirir ki, sən Qarabağı Azərbaycan ərazisi kimi tanımısansa, bu Rusiyanın və ya KTMT-nin günahı deyil", - o qeyd edib.

 

Politoloqun sözlərinə görə, NATO-nun adının burada çəkilməsi ilə ümumilikdə Qərbin təhlükəsizlik qüvvələri nəzərdə tutulur.


"İndiyə qədər Paşinyanı və Qərbin dəstəyini ittiham edirdilər indi də məsələni NATO-nun üzərinə gətirmək 5 apreldə Brüsseldə keçiriləcək görüşlə bağlıdır. Görüşdə NATO iştirak edib-etməsə də, Aİ, ABŞ formatında Ermənistanın təhlükəsizliyi ilə bağlı Qərbdən hər hansısa addımın atılacağı, onlar arasında müəyyən razılaşmaların olacağı gözlənilir. Əslində proses bu yöndə gedir ki, Ermənistan Rusiyadan uzaqlaşıb, Rusiyanı tədricən çıxarmaq və yerinə Qərb qüvvələrini gətirmək niyyətindədir. NATO-nun adının burada çəkilməsi ilə ümumilikdə Qərbin təhlükəsizlik qüvvələri nəzərdə tutulur. İndiyə qədər konkret NATO adı çəkilməmişdi, Zaxarova bunu qabartmaqla göstərmək istəyir ki, Ermənistanın ölkəyə gətirmək istədiyi qüvvələr əslində Qarabağ məsələsində Ermənistanı buna məcbur edirlər. Bu Azərbaycanın məsələsi deyil, Azərbaycan artıq bunu həll edib", - Nərimanlı vurğulayıb.

 
Aprelin 5-də Brüsseldə Avropa İttifaqı, Ermənistan və ABŞ arasında görüş keçirilməsi gözlənilir. 
 
Fevralın 28-də Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu və məsələlərin həll olmayacağı təqdirdə de-yure də dayandıra biləcəyini açıqlayıb. 
 
Bundan əvvəl Rusiya Ermənistanı Qərbə meyillənməkdə ittiham edib.
 
Aygün Mirakif
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM