Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu işğal atındakı ərazilərdə meşələrin qırılması ilə bağlı qiymətləndirmə işləri aparır. İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın meşə örtüyünün 25%-i, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt bu ərazilərdə yerləşir. Həmin ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kol bitkisindən 70-i endemik növ olub, Azərbaycandan başqa dünyanın heç bir yerində təbii halda bitməyən bitkilərdir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və digər növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya bitki aləmi xəzinəsindən silinmək üzrədir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib. Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsindədir və Zəngilan rayonuna aid olan Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Ermənistan tərəfi Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ağac emalı sexi açıb və sexdə fasiləsiz olaraq mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırılıb istifadə edilir, sonra da qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyularaq, dağıdılıraq cinayətlərin izi itirilməyə çalışılır. Bütün bunlar isə ekoloji terrordur. Zəngilan rayonunun Muğanlı kəndində 100 milyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib, istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Kəlbəcərdə 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki var ki, bunlardan 200-ə qədəri dərman bitkiləridir ki, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə həmin ərazilərdə bitkilərin kökünün kəsilməsinə səbəb olur. Şuşa şəhərində “Ağzı yastı” kaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. “Haça yal” adlanan sahəsində uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Digər təbiət abidəsi Qarqar çayının sol sahilində, Şuşa şəhərindən cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng daşları Titan əsrinə aid edilən “Xan mağarası” da xüsusi mühafizə olunan təbiət ərazilərinə aid olub. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Hələ 2005-ci ildə əldə olunmuş video kasetlərdən və peyk vasitəsilə aparılmış çəkilişlərdən müəyyən edilib ki, Şuşa şəhərinin “Cıdır düzü” adlanan qoruq ərazisində, “Çöl qala” adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılıb. Bundan başqa videogörüntülərdə Şuşa şəhərinin yuxarı hissəsində “dörd yol” adlanan yerdən yuxarıda “Laçın” küçəsinin sağ və sol hissələrində 70-80 ədəd müxtəlif növ iri diametrli ağacların kəsilmiş köküstü kötüklərinin qalıqları aydın görünüb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Laçın rayonunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyan o dərəcədədir ki, ümumi sahəsi 240 hektar olan Qoruq Ermənistan tərəfinin talanı nəticəsində əhatəsindəki ərazilər də daxil olmaqla tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Burada 68 müxtəlif bitki növünə və 27 bitki ailəsinə mənsub olan bitkilər olub. Laçın rayonunda yasaqlıq məhv edilib. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan və dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacların materialından qiymətli mebel və xüsusilə də, konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə olunur. Qırmızı palıd və digər növlər ermənilər tərəfindən vəhşicəsinə qırılaraq Fransaya, qoz ağacları isə qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana satılır. 13160 hektar meşə təsərrüfatı sahəsi olan Qubadlıda da meşələr tamamilə məhv edilib. Hələ 2005-ci ilə kimi Ermənistan tərəfi işğal edilmiş bu ərazilərdən 720 min m3 ağac materialı tədarük edib. Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərinin kütləvi şəkildə qırılaraq yarımfabrikat şəklində xarici ölkələrə satırlmasında inhisarçı mövqe Ermənistanın hakim siyasi elitasına aiddir. Keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !