İşçi iki iş yerində işləyə bilərmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

13:49 | 18.05.2023
İşçi iki iş yerində işləyə bilərmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

İşçi iki iş yerində işləyə bilərmi? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. 
 
Əksər vətəndaşlar müxtəlif  səbəbdən bir yox, bir neçə işdə işləmək istəyində olur. Təəssüf ki, bəzən 2-ci işəgötürənlər 1-ci işi bəhanə gətirərək işçiyə sistemdə adının olmasının, 2-ci iş yerinin qeydiyyata salınmasına ehtiyac olmamasını bəhanə edərək, əmək müqaviləsi bağlamaqdan boyun qaçırır, bunun işçi üçün də problem olacağına inandırmağa çalışırlar. Bu isə vətəndaşlar üçün maddi çətinlikərə gətirib çıxarır.
 
AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
 
"Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Əgər işçi əlavə iş yerində işləmək işləyirsə, bu halda həftəlik iş vaxtı normasının yarısını keçməməlidir. İşçinin əlavə iş yeri əsas iş yeri üçün müəyyən olunmuş müddətdən sonradırsa bu halda işəgötürəndən icazə almağa ehtiyac yoxdur, lakin əsas iş yerinin müddətinə daxildirsə, bu halda mütləq işəgötürəndən icazə almalıdır. Əgər işçi zərərli iş yerində işləyirsə, eyni şəraitli başqa iş yerində işləməyə icazə verilmir. Həmçinin əlavə iş yeri üzrə işləyən işçi ilə də əmək müqaviləsi bağlanmalıdır və həmin əmək müqaviləsi əmək müqaviləsi bildirişi alt sisteminə daxil olunaraq hüquqi qüvvəyə minməlidir”, - İmamverdiyev bildirib.
 
Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Başqa sözlə, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi  onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Belə ki, 16 yaşdan aşağı olan işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmayan müddətə qısaldılmış iş vaxtı müəyyən edilir.

Əmək Məcəlləsinin 110.2-ci maddəsinə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin qanunvericiliklə müəyyən edilmiş məzuniyyətlərin bütün növlərindən istifadə etmək hüququ var. Əvəzçilik üzrə işləyən işçilərin məzuniyyəti əsas iş yeri üzrə məzuniyyətlə bir vaxtda verilir. Yəni əvəzçilik üzrə işləyən işçilər üçün məzuniyyət qrafiki nəzərdə tutulmur.
 
Eltac Nurullazadə 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM