İsgəndər Həmidov radikal katolik kilsəsində necə namaz qıldı?

17:32 | 07.01.2018
İsgəndər Həmidov radikal katolik kilsəsində necə namaz qıldı?

İsgəndər Həmidov radikal katolik kilsəsində necə namaz qıldı?

"İbadətə başlayanda hiss etdim ki, 3-4 nəfər başımın üstünü kəsdirib…”

Azərbaycanda məşhur siyasi liderlər, ümumiyyətlə,  istər iqtidarda, istərsə də müxalifətdəki siyasət adamları arasında namaz qılanlar  barmaqla sayılasıdır. Bəlkə də bəziləri ehtiyat edir ki, müsəlman ibadəti ilə məşğul olsam, məscidə getsəm, "sivil” "demokratik” Avropa, Amerika məni "İslam fundamentalisti”, yaxud "radikal islamçı” adlandırar, məni maliyyələşdirməz və karyerama son qoyular. Digərləri isə qorxur ki, bəzi hakimiyyət dairələri onu İslamın bəzi radikal, yaxud hansısa qeyri-ənənəvi cərəyanının nümayəndəsi adıyla güdaza verərlər...

Milli azadlıq hərəkatının qızğın çağlarında -1990-1994-cü illərdə  erməni işğalçılarına, sovet imperiyasına qarşı, haylı-küylü çıxışları ilə seçilən, səbirsiz, kəmhövsələ bir insan təsiri bağışlayan sabiq daxili işlər naziri İsgəndər Həmidovun namaz qılması yəqin çoxlarının ağlına belə gəlməz…

Son görüşümüzdə  bird aha əmin olduq ki, artıq  30 ilə yaxındır  namaz qıldığını deyən İsgəndər bəy  İslamın həyatının ayrılmaz bir parçası sanır. Həm də məşhur türkçü, bozqurd lider kimi tanınan sabiq daxili işlər naziri İslamın yalnız ərəb dini olduğunu sayanların nəzərinə çatdırır ki, tarixən müsəlmanlıq türkləri  daha da gücləndirib və bütövləşdirib.
 
İsgndər Həmidov Qurani-Kərimin bir çox ayələrindən yerli-yataqlı misallar gətirir. Özü də nəinki Azərbaycanda, məsciddə, hətta qatı katoliklərin yaşadığı Avropa ölkələrindən birində kilsədə namaz qılmağa cəsarət edib. Sonra isə katolik keşişi ilə İslam barəsində geniş mükalimə aparıb. Hadisənin təfsilatını Azərbaycan Bozqurdlarının müsəlman liderinin öz dilindən öyrənək:

"Quranı daha dərindən anlamaq üçün birinci Tövratı və İncili oxudum... Dünyada Xristian dinində iki əsas cərəyan var: katoliklik və pravoslavlıq. Əstəğfürullah, katoliklər deyir ki, İsa Peyğəmbər Allahdır. Pravoslavlar isə deyirlər ki, İsa əleyhissəlam, əstəğfürullah, Allahın oğludur. İncildə İsa Peyğəmbər buyurur ki, mən də sizin kimi bir bəşərəm, sadəcə, Allah məni sizə Peyğəmbər yollayıb, sizi Allahın yoluna dəvət edirəm...

Tale elə gətirdi ki, Avropada, radikal katoliklərin kilsəsində namaz qılası oldum... Təxminən 2006-cı ilin yayı olardı. Rəhmətlik həyat yoldaşımla birgə Ukraynanın məşhur Medoborı sanatoriyasında dincəlirdik. Bir gün tarixi abidələrə baxmaq məqsədilə yaxınlıqdakı Lvov şəhərinə gəldik. Namaz vaxtı çatdı, dedim ki, gedib kilsədə namaz qılacam. Rəna xanım isə qorxdu, hətta ağladı ki, nə danışırsan, bu qatı katolik benderlərin içində namaz qılmaq olar, səni öldürərlər. Dedim, yox e, namazımı vaxtında qılmalıyam. Girdim kilsəyə, üsulluca dəstəmazımı alıb başladım namaza. İbadətə başlayanda fikir verdim ki, 3-4 nəfər başımın üstünü kəsdirib gözləyir. Namazı qurtaran kimi yaxınlaşıb soruşdular ki, siz hansı dinin sahibisiz. Dedim ki, İslam. Dedilər ki, baş keşişimiz sizi çağırır. Yaxınlaşıb keşişlə görüşdüm. Soruşdu ki, müsəlmansız. Dedim, bəli. Təəccübləndi ki, bəs siz kilsədə necə namaz qılırsız. Dedim,  burada təəccüblü nə var ki. Daha heyrətlə soruşdu ki, bəs bu, İslamda günah sayılmır. Cavab verdim ki, xeyr, məscid də Allahın evidi, sinaqoq da, kilsə də. Soruşdu ki, bəs Quran buna icazə verir. Dedim, bəli, bu barədə ayə də var. Keşiş söylədi ki, axı bunu bizə deyən olmayıb. Dedim, siz bunu eşitmək istəmirsiz, sadəcə... Soruşdu ki, yaxşı, kilsə ilə məscidin fərqi nədir. Dedim, sadəcə, zahiri quruluşda fərq var. Bir də, siz kilsədə şəkil asırsız, amma biz məsciddə şəkil asmırıq, divarlara Quran ayələri həkk edirik. Çox istərdim ki, siz də şəkillər əvəzinə İncilin gerçək ayələrini asasız. Şəkil diqqəti ibadətdən yayındırır. Şəkil çəkmək bizdə günah olmasa da, məsləhət deyil. Dedim, istəyirsiz sizə elmi şəkildə izah edim. Razılaşdı. Katolik keşişə bir tarixi olayı nəql etdim.

XVII əsrdə İspaniyanın ən gözəl kişilərindən olan bir şahzadənin qardaşı gəlir məşhur rəssam Velaskesin yanına ki, kiçik qardaşım Fransaya müharibəyə gedir, onun portretini çək, bilirəm ki, qələbə ilə qayıdacaq. Velaskes müəyyən qiymətə razılaşır. Bir müddət sonra şahzadə portreti aparmağa gələndə baxır ki, rəssam qardaşını ağlı başından çıxmış bir adam kimi təsvir edib. Hirslənir ki, mənim qardaşım İspaniyanın ən gözəl kişisidir, sən onu niyə belə təsvir etmisən. Velaskes deyir ki, istəmirsənsə, qızıllarını götür get, portret qalsın. İki ildən sonra həmin kiçik qardaş Fransada müharibə zamanı dəli olur və eynən Velaskesin təsvir etdiyi görkəmi alır. Və bu dəfə şahzadənin böyük qardaşı gəlib 10 qat artıq qızıl verib həmin portreti Velaskesdən alır...
Danışıb qurtaranda keşiş soruşdu ki, bəs bunun dinə nə dəxli var. Dedim, Quranın İsra surəsinin 85-ci ayəsində Yaradan buyurur ki, Ya Peyğəmbər, səndən ruh haqqında soruşsalar, de ki, o yalnız Allahın əmrindədir, sizə onun haqqında yalnız cüzi bilik verilər. Yəni insanları başa salır ki, siz təkcə zahiri bilə bilərsiz, batini, daxili isə yalnız Mən bilirəm. Rəssamlar isə insanın daxilini, ruhunu bilməyə çalışırlar. Bu zaman da dünyada fəlakətlər, müharibələr baş verir. Ona görə İslam rəssamlığı məsləhət görmür.

Keşiş soruşdu ki, bəs siz bizə niyə düşmən kimi baxırsız. Dedim, yanılırsız, biz xaçpərəstlərə düşmən kimi baxmırıq. Hətta Quranda  belə bir fikri ifadə edən ayə var ki,  dini baxımdan sizə ən yaxın olan xristianlardır. Dedi ki, onda sən məni bir insan kimi sevirsən. Dedim, xeyr. Ona görə ki, siz katoliklər İsa peyğəmbəri, əstəğfürullah, Allah kimi qəbul edirsiz. Biz müsəlmanlar isə İsanı, nə Allah, nə də onun oğlu deyil, sadəcə, Allahın rəsulu kimi qəbul edir, ona böyük ehtiramla yanaşırıq. Siz xristianlar dəfələrlə Məhəmməd Peyğəmbəri(s) təhqir etsə də, bizdə bir mömin belə, İsa peyğəmbəri təhqir etməyib...
Bu söhbətlər keşişi çox maraqlandırdı. Soruşdu ki, sabah bizim televiziyada bu barədə danışa bilərsizmi. Dedim, mən danışaram, ancaq sizin tabe olduğunuz dairə buna icazə

verməz. Soruşdu ki, niyə. Dedim ona görə ki,  sizinkilər İslamı "Allahu əkbər” qışqırıb gühahsız insanın başının kəsib onunla futbol oynayanlar və s. kimi göstərməyə çalışır. "Allahu Əkbər” sədasını Qərb öz yetişdirdiyi saxta "müsəlman”ların dili ilə vəhşiliyə, qırğına çağırışa çevirməklə İslamın mahiyyətini bilməyən insanlarda bir islamofobiya-İslam xofu yaratmağa cəhd edir. Ancaq bunlar hamısı əbəsdi. Allah özü İslamı qoruyub və qoruyacaq...
Mən ayağa qalxıb kilsədən çıxmaq istəyəndə keşiş bir şüşə çaxır çıxardı və yanına qızılı qədəhlər qoydu. Bunu görəndə güldüm. Soruşdu ki, niyə gülürsən. Dedim ki, indi deyəcəksən ki, əstəğfürullah, bu, Allahın qanıdı, içək. İzah etdim ki, bax, siz bu cür günaha batırsız. Elə bizimlə sizin fərqiniz bir də bundadır. Quran buyurur ki, Allah doğulmayıb, doğmayıb, cisim deyil, gözə görünmür. Belə bir varlığın qanı ola bilərmi? Və hər şeyi, sizi də, bizi də yoxdan yaradan bir Varlığın, əstəğfürullah, qanı olsa belə, o qanı tökməyə kimin cəsarəti və gücü çatar. Yox, əgər çaxırı İsa əleyhissəlamın qanı hesab edirsinizsə, onun qanını tökənləri Quranda da Allah lənətləyib, onu içmək olmaz... İkincisi də daha bir fərqimiz ondadır ki, biz sizlər kimi İsa əleyhissəlamı qətlə yetirilmiş saymırıq. Biz  onu, Yaradanın  Quranda buyurduğu kimi, qeybə -Allah dərgahına çəkilmiş sayırıq... Yaradan məsləhət biləndə o zühur edəcək...
Xülasə, bir neçə Quran ayəsindən də misal çəkərək keşişə sübut etdim ki, müsəlmanların kitabı ən mükəmməl kitabdır. Və İslam Avropa və Amerikada təbliğ edildiyi kimi, müharibəyə, zorakılığa çağırmır, bu, sülh və elm dinidir...

Ayrılanda katolik keşişi bir daha xahiş etdi ki, sabah görüşək, Lvov televiziyasında İslamın sülh və barışıq dini olması barədə də danışarsan. Razılaşdım. Ertəsi gün vədələşdiyimiz vaxtda görüşdük. Xristian din xadimi dedi ki, bəs bağışla, sənin çıxışına icazə vermədilər. Dedim, bilirdim ki, sizinkilər belə çıxışa icazə verməz, onlara İslamı radikal din kimi təbliğ edənlərin, öldürməkdən, partlatmaqdan və s. danışanların çıxışı lazımdır...

Sultan Laçın

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti