“İslam Dövləti” (İŞİD) qruplaşması Fransanın paytaxtı Parisdə də fəaliyyət göstərir.
ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda İnterpolun Monakoda keçirilən Baş Assambleyasında İraq daxili işlər nazirinin müavini Adnan əl-Əsədi bildirib.
Onun sözlərinə görə, Parisdəki İŞİD özəyinin üzvlərinin sayı 200-dən çoxdur. A.əl-Əsədi deyib ki, Parisdəki İŞİD özəyini İraq və Fransa xüsusi xidmət orqanlarının birgə işi sayəsində üzə çıxarmaq mümkün olub. O, xüsusi əməliyyatın bir həftə əvvəl keçirildiyini deyib, əlavə təfərrüatlar açıqlamayıb.
Baş Assambleyada çıxış edən İnterpol baş katibi Ronald Noubl isə deyib ki, İŞİD üzvləri İraq və Suriyaya keçmək üçün dəniz yolundan istifadə edirlər. Onun sözlərinə görə, Avropadan olan İŞİD-çilər Türkiyəyə, oradan isə Suriyaya keçmək üçün səyahət gəmilərində həərkət edirlər.
“Onlar bilirlər ki, aeroportlarda çox ciddi nəzarət var, bütün şübhəlilərin məlumat bazası mövcuddur. Ona görə də terrorçular onlara lazım olan rayonlara keçmək üçün dəniz yolundan istifadə edirlər. Bizim məlumatlarımıza görə, Avropadan Suriyaya gedən İŞİD üzvləri əsasən Türkiyənin İzmir limanından keçirlər” - deyə İnterpol rəhbəri bildirib.
R.Noubl deyib ki, İnterpolun məlumatına görə, hazırda İraq və Suriyada 15 min xarici ölkə vətəndaşı döyüşür, onlar dünyanın 81 ölkəsindən gediblər. İnterpol rəhbəri vətəndaşları İŞİD-ə qoşulan bütün ölkələrin xüsusi xidmət orqanlarını əməkdaşlığa çağırıb.
ANN.Az