İŞİD terrorçuları müsəlmanlara qənim kəsilməyə davam edir.
Ramazanda təzə ayın görünməsi barədə fikirlərin dinə zidd olduğunu iddia edən İŞİD terror qruplaşması ramazan ayının 28 gün olduğunu iddia edib. ANS PRESS-in məlumatına görə, Suriya, İraq, Liviya, Tunis və Misirdə ancaq müsəlmanların qanını axıdan qruplaşma üzvləri bəyanat yayaraq nəzarətlərində olan bölgələrdə bayram namazını yasaqlayıb. Həmçinin bayram namazı qılmağa cəhd edənlərin sərt şəkildə cəzalandırılacaqları elan olunub.
Xatırladaq ki, İŞİD daha əvvəl Mosulda quru çərəz, turşu, mobil telefon və s. əşyaların istifadəsini gülünc səbəblərlə yasaqlamışdı. Yanvarda isə İŞİD bölgədə məscid-məscid dolaşaraq İslam peyğəmbərinin mövludunu qeyd etməyi qadağan etmişdi. Qeyd edək ki, özünü bütün dünyada müsəlman kimi qələmə verən İŞİD qruplaşması bütün islami dəyərlərlə ən aqressiv şəkildə mübarizə aparır və kiçik bir təbərrükü də Allaha şərik qoşmaq kimi qəbul edir.
Misirdəki mötəbər dini qurumlardan biri olan "Əl Əzhər” İŞİD-in ramazanın 28 gün olması barədə fikirlərinə yazılı bəyanatla kəskin etiraz edib. "Əl Əzhər” səhabələrdən Amr bin Asa istinadən həzrəti Muhammədin (S), ramazanın bəzən 29, bəzən 30 gün olması barədə hədisi bəyan edib. Dini qurum həmçinin İlam müqəddəsatına və müsəlmanlara hücum edən terror təşkilatının heç bir şəkildə fətva verə bilməyəcəyini vurğulayıb. Açıqlamada həmçinin bildirilir ki, müsəlmanlar bu cür dini pozanlara rəğbət duymamalı, heç bir şəkildə onlara etibar etməməlidir.
İŞİD 2014-cü ilin sentyabr ayında İraqın Tikrit şəhərində İslam peyğəmbərinin 40 səhabəsinə aid məqbərəni, Yunus (əs) peyğəmbərə aid olduğu iddia edilən qəbri yerlə-yeksan etmiş, bu hadisə İslam dünyasında etirazla qarşılanmışdı. Yaxın günlərdə Misirdəki piramidaları və Sfinks heykəlini partladacağını açıqlamışdı.
Bundan əvvəl isə İŞİD terrorçuları Mosul şəhərindəki tarix muzeyində olan və dünya mirası siyahısında yer alan çox sayda eksponatı məhv etmişdi. Bundan sonra qədim Assuriya şəhəri olan Nəmrudu ələ keçirən terrorçular burda da eramızdan əvvələ aid bir çox abidəni yox etmişdilər. Yaxın günlərdə isə İŞİD qruplaşması Suriyanın Tadmur şəhərinin yaxınlığındakı qədim Palmira xarabalıqlarını məhv etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !