“İŞİD-in formalaşmasının ilkin mərhələsində Türkiyənin də yardımı olub”.
Bunu politoloq Qabil Hüseynli İraq-Şam İslam Dövləti (İŞİD) adı altında fəaliyyət göstərən terror qruplaşması barəsində danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyədə belə bir illüziya formalaşmışdı ki, İŞİD Suriyadakı kürd təşkilatlarına qarşı mübarizə aparacaq. Amma sonradan İŞİD digər terror təşkilatları ilə birləşərək Şam dövlətinə, sonra İraq Şam dövləti təşkilatına çevirildi:
“Heç kimdə şübhə doğurmur ki, İŞİD Əl- Qaidə terror təşkilatının yaxın Şərq bölməsidir. İŞİD maliyyə mənbəyini, birmənalı qaydada, Səudiyyə Ərəbistanı və Qətərdən alır. Çünki bir vaxtlar bunlar, guya, Suriya rejiminə qarşı vuruşmalı idilər. Sonradan vəhabilərin bu təşkilatda üstünlük təşkil etməsi nəticəsində, İŞİD bütünlükdə, təkcə Suriyaya qarşı yox, həm də İraqa qarşı yön almağa başladı. Təşkilatın rəhbərliyində İraq ordusunun keçmiş zabitləri, hətta Səddam Hüseynin oğlu da yer alır. Nəticə etibarı ilə, indiki Maliki rejiminə, şiələrin İraqdakı hökmranlığına qarşı çevirilmiş bir terror təşkilat yarandı”.
Politoloq Qabil Hüseynli hesab edir ki, sərhəd bölgəsində İraqın sərhəd xidməti ciddi xəyanətkarlığa yol verdi və silahlarını yerə qoyaraq, terrorçuların İraq ərazisinə girməsinə şərait yaratdı:
“Onların İraq ərazisinə belə hay-küylə daxil olması, sözün həqiqi mənasında, ciddi panika yaratdı. Mosulu, Tiqriti bu hay-küy altında və İraq ordusunun xəyanəti nəticəsində işğal etdilər. Nəticə etibarı ilə, dünya onların haqqında danışmağa başladı. Guya bu terror təşkilatının bir qorxulu qüvvə kimi, hər şeyə qadir ola biləcəyi təəssüratı yarandı. Onu da qeyd edim ki, İŞİD o qədər də güclü bir təşkilat deyil. Onların sırası da o qədər geniş deyil. Nizami ordu keyfiyyətlərinə də malik deyillər. Sadəcə, qarşılarına güclü bir qüvvə çıxmadığından, hələ ki, döyüşlərdə zəfər qazana bilirlər”.
Politoloqun fikrincə, Qərb İŞİD təhlükəsinin böyüməsinə və yaxın Şərqə nəzarət edə biləcək vəziyyətə gəlməsinə imkan verməyəcək:
“Onlar nə qədər uğurlar qazansa da, yaxın vaxtlarda İŞİD-in bu uğuruna kölgə qoyulacaq. Çünki artıq Qərb hərəkətə gəlib, İranın özü də həmin qüvvələri darmadağın etmək üçün tədbirlər görür. İraq ordusu da artıq müəyyən qaydada səfərbər edilib. Arxasında hansı qüvvənin dayanmasına baxmayaraq, beynəlxalq terrorizmin bir qolu olan bu təşkilatın yaxın zamanlarda sıradan çıxarılacağı labüd görünür”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !